Rəisi nəyin və kimin güdazına getdi? – ARAŞDIRMA

Rəisi nəyin və kimin güdazına getdi? – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda baş verən helikopter qəzasında ölkə prezidenti və bir neçə tərəfdarının ölməsi dünyanın gündəmindədir. Hadisənin baş vermə səbəbi ətrafında çoxlu versiyalar var. Həmin versiyalar sırasında kənardan müdaxilədən tutmuş, texniki nasazlığa qədər, hətta daxili çəkişmənin təzahürünə kimi hər şey var. Lakin bu yanaşmalarda daxili toqquşmanın nədən qaynaqlandığı barədə qəti fikir yoxdur.

İndi əsas sual budur: İbrahim Rəisi və ətrafı nəyin və kimin güdazına getdi?

Öncəliklə Rəisinin keçmişə baxsaq, onun molla rejimin ən aktiv tərəfdarı olduğunu görərik. Zaman-zaman göstərdiyi xidmətləri də sadalamağa gərək yoxdur. Təkcə, “Ayətullah Edam” ayaması alması kifayət edir ki, Rəisinin rejimə xidmətlərinin səviyyəsini müəyyən etmək mümkün olsun.

Amma siyasət elə bir şeydir ki, orada əbədi dost və müttəfiq anlayışı yoxdur. Əbədi maraqlar var. Elə bu maraqlar da rejimlə hökumət arasında ixtilafın yaranmasına səbəb oldu.

İndi isə detallara diqqət edək. İbrahim Rəisi zamanında İranın ali dini lideri postuna ən birinci namizədlərdən sayılırdı. Ondan öncə “Qüds” qrupunun komandanı Qasim Süleymani iddialılardan hesab olunurdu. Süleymani hər nə qədər Yaxın Şəqi yaxşı biləsə də, peşəkar əməliyyatlar keçirsə də, iddiasız deyildi. Digər tərəfdən, artıq “əfsanələşmiş” Süleymani tez-tez Tehranda görünür, görüşlər keçirir, bəzi hallarda isə fikirlərini dilə gətirirdi. Həmin fikirlər isə İranda yeni rejimin mahiyyəti, fəaliyyəti və görəcək işlərindən ibarət idi.

Bu iddialar çoxaldıqca və açıq müstəviyə keçdikcə, istər Xamineyi, istərsə də SEPAH ciddi narahatlıq keçirirdi. Çünki Süleymani digər SEPAH generallarından fərqli olaraq, adı korrupsiyaya bulaşmamışdı. Həmçinin nüfuzu var idi, hətta ölkənin “milli qəhrəmani” kimi təqdim olunurdu. Yəni, reputasiyası fərqliydi. Onun Xamineyinin yerinə keçməsi cəmiyyət tərəfindən də etirazla qarşılanmayacaqdı.

Lakin bu təhlükə Tehrana yaxınlaşdıqca, istər SEPAH, istərsə də alt qatda məqam gözləyən ifrat mühafizəkarları narahat etməyə başlamışdı. Və çox keçmədi ki, Süleymani ABŞ-ın əliyə sıradan çıxarıldı. Bu gün də iddialar var ki, Qasimin yerini və onun hərəkət trayektroiyasının koordinatları Tehrandan Vaşinqtona ötürülüb. Böyük ehtimalla bu da səbəbsiz deyildi.

Bu hadisədən sonra Rəisinin şansları artmağa başladı. Həm Xamineyinin yaxın adamı, həm də prezident olaraq dini rəhbər postuna yarayırdı. Üstəlik, sadiq biri kimi tanınırdı. Amma bu vəziyyət 2022-ci ilin sentyabr ayına qədər davam etdi. Məhsa Əmininin öldürülməsi ilə başlayan hadisələr, fikir ayrılıqlarına səbəb oldu.

Rəisi və hökuməti yaxşı bilirdi ki, etirazlar təkcə gənc bir qısın öldürülməsi ilə əlaqəli deyildi. Burada xarici faktorların olması ilə yanaşı, daxildəki iki əsas problemin də prosesi tətiklədiyinin fərqindəydi. Elə bu səbəbdən də hadisələrin gedişatı fonunda Rəisi və təmsil etdiyi komandası dini rəhbərə iki variant təklif etdi. Birinci təklif bu idi ki, ölkədə iqtisadi və siyasi problemləri aradan qaldırmaq üçün rejim mənsubları, yəni dini rəhbər, SEPAH və digərləri kənara çəkilməlidir. Bütün daşlar yerində oturdulduqdan sonra onların əvvəlki statusları qaytarılacaqdı. Bu, həm də hökumətə əlavə səlahiyyətlərin verilməsi demək idi.

İkinci təklif isə bu idi ki, hökumət istefa verir, SEPAH və dini rəhbərin komandası istisadi və siyasi problemlərə müdaxilə edərək, məsələləri həll edir.

Hər iki təklif, rejim rəhbərləri tərəfindən rədd edildi. Rəisiyə isə göstəriş verildi ki, əvvəlki şəkildə davam etsin və indiki səalhiyyətlərindən kənara çıxmasın. Amma bu vəziyyətdə Rəisinin tutarlı addım ata bilməməsi onun özünü çətin duruma salırdı. Bu səbəbdən də sentyabr olaylarından sonra bu səpkili müzakirələr intensiv şəkil almağa başladı və ixtilafın yaranmasına qədər gəlib çatdı.

Bir neçə məqama diqqət edək. Rəisi və komandası qonşu ölkələrlə normal münasibətlərin qurulmasına tərəfdar idi. Hökumət açıq şəkildə bildirirdi ki, qonşuların işlərinə müdaxilə etdikcə, əks reaksiyalarla üzləşməklə yanaşı, onları özlərindən də uzaqlaşdırırlar. Bu isə əlavə problemlər demək idi.

Bundan başqa, Rəisi hökuməti Məhsa Əmini olaylarından sonra qadınların hicab məsələsinə müdaxiləyə də qarşı idi. Əslində, həmin yanaşma elə Həsən Ruhani hakimiyyəti dövründə də var idi. Rəisi və komandası deyirdi ki, qadınların çılpaq gəzməsinə imkan verilməməlidir, lakin hicab məsələsinə ikinci dərəcəli hal kimi baxılmalıdır. Elə bu səbəbdən idi ki, İran parlamenti hökumətin hazırladığı “Hicab və İffət haqqında” qanunu 5 cəhddən sonra qəbul etdi. Düzdür, bir çox düzəliş və əlavələr etməklə. Bu qanun isə qüvvəsini ötən ilin sonlarında itirməyə başladı. Təkrar müzakirə isə qanun sərtləşdirildi, əvvəlki güzəştlər isə ləğv edildi.

Rəisinin bir hədəfi də SEPAH-ın siyasi və iqtisadi proseslərə müdaxiləsini önləmək idi. O yaxşı bilirdi ki, SEPAH-ın iri müəssisələrdə böyük payları var, biznesdə, qara işlərdə imkanları həddindən artıq çoxdur. Üstəlik, siyasi arenada da bir çox qrupları himayə edərək, proseslərə təsir edə bilir. Bunu önləmək üçün hökumət başçısı kimi, onun təsirləri yox idi. Bu məqsədə çatmaq üçün onun mütləq dini rəhbər olması lazım idi.

Elə bu səbəbdən də Rəisi və komandası “Debaş qalmaqalı”nı üzə çıxardı. Hindistandan çay alınması adı altında 6 milyard dollar pulun yeyilməsi məsələsi böyük səs-küyə səbəb oldu. SEPAH izi azdırmaq üçün mediadakı imkanlarından bir xeyli istifadə etmək məcburiyyətində qaldı.

Bundan başqa, Tehranın imam cüməsinin milyardlıq sərvətinin üzə çıxarılması, bahalı torpaqlara sahiblənməsi qalmaqalı da gündəmə gəldi. Həmçinin SEPAH-a bağlı əyalət rəhbərləri, məmurlar və digərlərinin kirli çamaşırlarının üzə çıxma halları intensiv şəkil aldı. Təbii ki, bütün bunları ona bağışlamayacaqdılar. Sadəcə, uyğun vaxtı gözləməyə başladılar.

Martın q-dən isə tərəflər arasında münasibətlər daha kəskin şəkil almağa başlamışdı. Parlament seçkilərinin birinci turunda mümkün yerlərin əskəriyyəti qatı mühafizəkarların əlinə keçdi. Buna qədər isə onlar SEPAH-da, Xamineyinin yanında və hökumətin içində (XİN, Ettelat, Prezident Admnistrasiyası-müəl.)  xeyli güclənmişdilər. Hətta zaman-zaman səsləri də eşidilirdi. Lakin mayın 10-da seçkilərin ikinci turundan sonra parlamentdə mütləq əksəriyyət qatı mühafizəkarlar oldular. Bu isə onların təsir gücləri ilə yanaşı, həm də daha geniş əl-qol açmalarına səbəb oldu.

Eyni zamanda, çoxları tərəfindən “Dini Ekspertlər Məclisi” kimi təqdim olunan “Məclise Xubriqan” seçkilərində də Rəisi ciddi mövqe itkilərinə məruz qaldı. Yalnız özü seçilə bildi ki, bu da “məclis”dən lazımi dəstək ala bilməyəcəyini şərtləndirdi.

Qatı mühafizəkarların yanaşması budur ki, onların sözünə qulaq asmayan, “islam qaydalarını kobud pozanlar”, başqa dövlətlər və sairə ilə diplomatik danışıqlara bir o qədər gərək yoxdur. Bu zaman hərbi imkanlardan istifadə prioritet olmalıdır. Bundan başqa, onlar islam qaydalarının sərt bir şəkildə qorunmasının tərəfdarlarıdırlar. Paralel olaraq, qatı mühafizəkarlar həm mövhumatçı, həm də ən cahil təbəqə hesab olunurlar. Məsələn, ayətullahlardan biri desə ki, o yuxuda müqəddəslərdən birini görüb və həmin müqəddəs filankəsi öldürməyi caiz bilib, bu kontingent həmin yuxuda adı çəkilən şəxsi tikə-parça edər.

Aydın məsələdir ki, bu beyinin sahibləri qarşılarındakı maneələrin aradan qaldırılmasını vacib hesab edirdilər. 10 may seçkilərindən sonra tam oturuşduqlarını görüb, düyməni basdılar. Və Rəisi öz maraqları üçün apardığı mübarizədə məğlub və canından oldu.

Hazırda rejimin əsas missiyası helikopter qəzası ilə bağlı izləri itirməkdir. Bunun üçün ilk olaraq məsələni araşdırmağı SEPAH-a həvalə ediblər. Yəni, hadisənin əsas təşkilatçısı qəzanı araşdırıb, rəy verməlidir. Bununla paralel olaraq isə qatı mühafizəkarları vəzifələrə yerləşdirmə prosesi start götürüb. Abdullahiyanın nəşi hələ hadisə yerindən çıxarılıb, Təbrizə gətirilməmiş Əli Baqeri XİN başçısı təyin edildi. Mühafizəkarların əsas nümayəndələrindən biri olan Baqeri, dərin diplomatik biliyə malik şəxs hesab edilmir.

Ardından İbrahim Rəisinin səlahiyyətləri dərhal vitse-prezidentə, yəni başqa bir qatı mühafizəkara həvalə edildi. Eyni ilə də qəzada ölən “Ənsar əl-Mehdi” korpusunun komandanı da yeniləndi. Halbuki İran rejimi dəfnə qədər bu məsələləri bir kənara qoya bilərdi.

Bundan sonrakı mərhələdə qatı mühafizəkarlar SEPAH-ın dəstəyi ilə bütün vəzifələri ələ keçirəcəklər. 28 iyunda keçiriləcək prezident seçkilərində İranı idarə edəcək yeni şəxs müəyyənləşəcək. O da sözügedən siyasi qütbün nümayəndəsi olacaq.

Görünən odur ki, ciddi şəkildə tələsirlər, daha ciddi proseslərə başlamaq üçün hazırlıq içindədirlər. Bu tələskənlik təkcə daxillə bağlı deyil, həm də xaricə müdaxilə məsələlərini əhatə edir. Çünki İranın Yaxın Şərqdə və Qafqazda görəcək bir sıra işləri var.

 

Fikrət Fəraməzoğlu,

Jurnalist Araşdırma Mərkəzinin rəhbəri.

Xüsusi olaraq Tribunainfo.az üçün