Azərbaycan Mətbuat Şurasının icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə tutduğu vəzifədən istefa verib.
Azərbaycan Mətbuat Şurasının icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə tutduğu vəzifədən istefa verib.
TİA.AZ-ın məlumatına görə, onun istefa qərarı qurumun İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul olunub.
MŞ sədri Ə.Amaşov bildirib ki, R.Hüseynzadə 1958-1968-ci illlərdə Gəncə şəhər 5 saylı orta məktəbində orta təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini, 1983-cü ildə Ali İdarəetmə Akademiyasını (keçmiş Ali Partiya Məktəbi) bitirib. Uzun müddət jurnalistika sahəsində çalışıb. Həmçinin dövlət qurumlarında da yüksək vəzifələr tutub.
Mətbuat Şurasının məhdud işçi qüvvəsi ilə, ağır sosial şərtlər altında fəaliyyət göstərdiyi dönəmlərdə R.Hüseynzadə bacarığı və təcrübəsi ilə Şuranın möhkəmlənməsinə mühüm töhfə verib. MŞ-nin hazırkı statusunun əldə edilməsində veteran jurnalistin böyük əməyi var. Bütün bunlara görə Ə.Amaşov R.Hüseynzadəni Şuranın fəxri diplomu ilə təltif edib.
R.Hüseynzadə ona göstərilən diqqətə görə İdarə Heyətinin üzvlərinə təşəkkürünü bildirib. O, Mətbuat Şurasında keçirdiyi illərin ömrünün ən yaddaqalan və xoş səhifələri olduğunu vurğulayıb. R.Hüseynzadə həmçinin artıq təqaüd yaşında olduğunu bildirərək Şurada tutduğu vəzifədən istefa vermək qərarına gəldiyini açıqlayıb. İH üzvləri istefanı qəbul ediblər.