Razi Nurullayev: “Ölkəmizdə niyə ətə olan ehtiyacı ödəyə bilmirik?”

Razi Nurullayev: “Ölkəmizdə niyə ətə olan ehtiyacı ödəyə bilmirik?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pakistan və digər ölkələrdən Azərbaycana ət idxalında heç bir problem görmürəm, müsbət yanaşıram. Pakistan müsəlman ölkəsidir. Düşünürəm, orada bu işlər qayda-qanunla həll olunur. Yəqin ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi və digər əlaqədar təşkilatlar məhsulların gigiyenik, doğru-düzgün, sağlamlığa uyğun olması ilə bağlı işlər aparırlar, proses nəzarət altında həyata keçirilir. Ölkəyə təhlükəli məhsulların idxal oluna biləcəyini düşünmürəm. Buna görə məsuliyyət daşıyan dövlət orqanları var. İstənilən halda bizdə ət çatışmırsa, başqa ölkələrdən idxal etməliyik”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev deyib.

Deputat bildirib ki, Azərbaycanda ət istehsalı daxili bazarı ödəyə bilmirsə, burada günahkar axtarmaq olar: “Maldarlığın inkişafı ilə bağlı daha ciddi addımlar atıla, daha yaxşı şəraitlər yaradıla bilər. Burada yalnız dövlətin üzərinə yox, həm də sahibkarların üzərinə ciddi məsuliyyət düşür. Eyni zamanda indi daxili bazarımızda olan ət məhsulları çox bahadır, 17-20, hətta 22 manata satılır. İnsanlarımızın bunu almaq imkanları varmı? Təbii ki, yoxdur. Ölkəmizdə niyə ətə olan ehtiyacı ödəyə bilmirik? Bu, ciddi sualdır və müzakirə olunmalıdır. Səbəblər aydınlaşmalıdır ki, niyə sahibkar mal-qara saxlamaq istəmir? Yaxud bu sahədə dövlətin yaratdığı stimullar, verdiyi kreditlər niyə qənaətbəxş deyil? Dövlət tərəfindən pulsuz ödənilən hissə də var. Bütün bunlar niyə sahibkarlara stimul vermir ki, onlar heyvandarlıqla məşğul olub, Azərbaycanın ətə olan ehtiyacını daxili bazar hesabına ödəsinlər?”