Rayonlar ləğv edilir? – “Əvəzində 14 ərazi vahidi…”

Rayonlar ləğv edilir? – “Əvəzində 14 ərazi vahidi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb.

Təsnifat hazırlanarkən Ağdərə rayonunun yaradılması, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi və digər son dəyişikliklər nəzərə alınıb.
İnzibati Ərazi Bölgüsü Təsnifatına görə, hazırda Azərbaycanda respublika tabeli 10 şəhər var. Bunlar-Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlaxdır. Bakı şəhərinin inzibati ərazisinə 1 şəhər, 12 rayon, 59 qəsəbə daxildir. Ümumilikdə Bakı şəhərindəki, Naxçıvan MR-dəki rayonlar daxil olmaq respublikada 76 rayon mövcuddur (12-si Bakıda, 7-si Naxçıvan MR-də, 57-si respublika tabeli rayon). Qeyd edək ki, ölkədə inzibati ərazi bölgüsü uzun müddətdir ki, müzakirə mövzusudur. Qeyd edək ki, 85 milyon nəfərdən artıq əhali sayı olan qonşu Türkiyədə 81 vilayət, 10 milyondan artıq əhalisi olan Azərbaycanda 76 rayon var.
Bu baxımdan ölkədə ərazi bölgüsünün yenidən aparılması zəruridirmi?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya bildirdi ki, İnzibati Ərazi Bölgüsü parlamentin səlahiyyətindədir:
“Yəni Dövlət Statistika Komitəsi və başqa dövlət qurumları öz işini asanlaşdırmaq, hesabatları qəbul etmək üçün təsnifatlaşdırırlar. Yəni rəsmi bir bölgü deyil. İnzibati ərazi bölgüsü parlament tərəfindən təsdiqlənməlidir və yaxud da ciddi struktur dəyişikliyi olacaqsa, konstitusion islahatlarla mümkündür. Yəni icra hakimiyyətlərinin ləğv edilməsi, inzibati ərazi vahidlərinin genişləndirilməsi konstitusion islahat şərçivəsində mümkündür. Bu, hansısa dövlət qurumunun özbaşına verə biləcəyi qərar deyil. Ona görə də bu məsələ hələ də gündəmdədir. Yəni müzakirə olunur. Prezidentin fərmanı ilə 14 iqtisadi rayon yaradılmışdı. İndi 14 iqtisadi rayonun inzibati ərazi vahidinə çevrilməsi üçün ya parlament 92 səslə konstitusion qanun qəbul etməli, ya da inzibati ərazi vahidinin sərhədlərinin müəyyənləşdirilməsi, nümayəndəlik institutunun konstitusion əsaslarla yaradılması ilə bağlı refenduma çıxarılmalıdır”.
O bildirib ki, indi nümayəndəlik institutunun konstitusion əsası yoxdur:
“Ancaq qanunvericiliklə tənzimlənir. Ona görə də icra hakimiyyətləri ləğv ediləcəksə, bu, daha ciddi islahatlar olar, yerinə nümayəndəlik institutuna paralel olaraq bələdiyyələr gələcəksə, bunun üçün konstitusion islahatlar, yaxud da parlamentin xüsusi qərarı lazımdır. Hansısa qurum öz işini asanlaşdırmaq üçün bölgələr üzrə statistika apara bilər. Ancaq rəsmiləşdirmə parlament, ya da refendumla ola bilər”.
Ekspertin sözlərinə görə, Azərbaycanda 76 rayon olması çoxdur:
“Bizdə 14 iqtisadi rayonun yaxşı quruluşu var.
Ancaq onun da konstitusion səlahiyyəti yoxdur. Onu inzibati ərazi vahidinə çevirmək lazımdır. Azərbaycan üçün də 14 inzibati ərazi vahidi kifayət edər”.