“Tik-tok”da səviyyəsiz ssenarilərlə, şablon fikirlərlə populyarlıq qazanan məzmunsuz şəxsləri aktyor, sənətkar deyə gənclərin önünə çıxaran bu cəmiyyətdə Rasim Balayev kimi əfsanənin aqibəti başqa cür ola bilməzdi. Görünür, R.Balayevin “Nəsimi”də dərisinin soyulması, “Babək”də şaqqalanması onların ürəyini soyutmayıb: istəyirlər, bir partiya da “Taqrovı”da Cordano Bruno kimi yandırılsın.
Bu sözləri Tribunainfo.az-a şair Aqşin Evrən Xalq artiqsti Rasim Balayevin “İstiqlal” ordeni ilə təltif edilməsindən sonra durmadan tənqid edilməsinə münasibət bildirərkən deyib. A.Evrən əlavə edib ki, Rasim Balayevdən Marlon Brando düzəltmək istəyirlər, amma əvvəlcə gərək buna layiq toplum olasan:
“Rasim Balayev öz aktyorluğu ilə bu xalqa təkcə kinematoqrafiyanı deyil, həm də ədəbiyyatı, tarixi sevdirib. Sənətkarın missiyası insana mənəvi dünyanın gözəlliyini aşılamaq, sevdirməkdir. Aktyordan, şairdən, yazıçıdan inqilabçılıq gözləmək genetik yaddaşdan gələn qurbanvermə ayininin mazoxist kodlarıdır.
Rasim Balayev korifey sənətkardır və mən şübhə etmirəm ki, illər keçəcək, bütün bu söhbətlər unudulacaq, lakin onun obrazları gələcək nəsillərin sevgi, hörmət və heyrətlə baxdığı sənət etalonu olaraq qalmağa davam edəcək”.