Rasim Balayev 1948-ci il 8 avqust tarixində Ağsu rayonunda dünyaya göz açıb.
Rasim Balayev 1948-ci il 8 avqust tarixində Ağsu rayonunda dünyaya göz açıb.
Xalq artistinin zəngin filmoqrafiyasında 200-dək ekran əsəri var. Aktyor üçün rolun böyüyü və kiçiyi olmur, prinsipi ilə yaşayan Balayev bir sıra epizodik obrazı ilə də yaddaşlarda qalıb. Buna misal olaraq “Həm ziyarət, həm ticarət” filmindəki Davud obrazını xatırlamaq kifayətdir. Aktyor böyük sərkərdə Babək, klassik şairimiz Nəsimi, Dədə Qorqud filmində yaratdığı Beyrək kimi tarixi qəhrəmanlarla yanaşı “Bizim məhəllənin oğlanları”, “Tütək səsi” və bu kimi digər onlarla çağdaş dövrü əks etdirən filmlərdə canlandırdığı obrazların da öhdəsindən eyni məharətlə gəlib.
Şöhrətli sənətkarımızın teatr sahəsində qazandığı nailiyyətlər də danılmazdır.
Sevimli aktyor Rasim Balayev doğum günü ilə bağlı təəssüratlarını Publika.az-la bölüşdü:
“69 yaşı haqlamışam. Bu, o deməkdir ki, ölümə bir addım daha da yaxınlaşıram. Özümə yalnız can sağlığı arzu edirəm. Yaradıcılığım boyu kifayət qədər yaddaqalan rollarım olub. Odur ki, yaradıcılıq uğurları diləmirəm özümə. Xalq məni yetərincə sevir və hörmət bəsləyir. Estafeti gənclərə verməyin zamanı yetişib. Qoy, onlar da incəsənətin bu çətin və məsuliyyətli sahəsində güclərini sınayıb, xalqımızın məhəbbətinə layiq olsunlar.
Doğum günümü ailəmin, doğmalarımın əhatəsində qeyd edəcəm. Təmtəraqlı məclis qurmağa nə hacət?!
Mənə verdiyiniz dəyərdən dolayı minnətdarlığımı bildirirəm”.