Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsinin sabiq rəisi, gömrük polkovniki Xosrov Vahabzadəyə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Xosrov Vahabzadə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 200-1.2.2, 200-1.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilib.
O, “Azərterminalkompleks” Birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun göstərişi ilə qanunsuz tenderlərin keçirilməsində ittiham edilib. Belə ki, gömrük polkovniki Xosrov Vahabzadə Cavid Əliyev adlı şəxsə “Azərterminalkompleks” Birliyində müsadirə olunmuş 42 ədəd avtomobili tenderdən kənar – “Audi Q7”ni 500 manata, “Mercedes C-class”ı 650 manata, “Rang Rover”i 1020 manata, “Hyundai Elantra”nı 2000 min manata və digər markalı avtomobillər satıb.
Sözügedən avtomobillərin sənədləri olmayıb və istifadəyə yararsız kimi qeydiyyata alınıb.
Bununla belə, sabiq rəis “Capitals Auction” MMC-nin direktoru Tuqay Rəhimlinin şirkətinə 1 qutusunun qiyməti 6 manat təşkil edən ümumi dəyəri 30.000 manat olan 5.000 qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin bir ədədini 2 manata satışını həyata keçirib.
Sabiq rəis gömrük general-mayoru Ehtiram Xəlilovun göstərişi ilə bu işi həyata keçirdiyini etiraf edib.
Məhkəmənin qərarı ilə Xosrov Vahabzadə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə başlanlmış cinayət təqibinə o, zərərçəkmiş şəxslə barışdığından və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilib və təqsirləndirilən şəxs həmin maddələrlə cinayət məsuliyyətindən azad edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib və 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.