Xəbər verdiyimiz kimi, ötən gün Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. Akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur.
Tribunainfo.az xəbər verir ki,Teleqraf-ın məlumatına görə, ölkə gündəmini əhatə edəcək həbslərin davamı gələ bilər.
Hər halda özünü “boz kardinal” kimi təqdim edən Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə ittiham olunursa, aydın məsələdir ki, o, 87 yaşında bu işə tək tamah salmayıb.
Prosesə rəhbərliyi Ramiz Mehdiyevin etdiyi heç kimdə şübhə doğurmur. 24 il PA rəhbəri olan akademikin bunun üçün kifayət qədər kadrları olub ki, zaman-zaman onlar barədə də mətbuatda yetəricə məlumatlar dərc olunub.
Bəs, onlar kimlərdir?
Digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda son dönəmlərdə adları hallanlar da iri ranqlı sabiq məmurlardır. Söhbət Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovdan, ləğv edilmiş MTN-in rəisi Eldar Mahmudovdan, eks-mədəniyyət naziri Əbülfəs Qayarevdən, Milli Məclisin sabiq sədri Oqtay Əsədovdan, PA-nın sabiq şöbə müdiri Əli Həsənovdan və Vətən Müharibəsi zamanı vəzifəsindən uzaqlaşdırılan Qərargah rəisi Nəcməddin Sadıkovdan gedir.
Ölkəmizdə ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı bildirilən bu şəxslərin qruplaşmasında Elşad Mirbəşir kimi keçmiş deputatların da olduğu söylənilir.
Onlardan Eldar Mahmudov, Oqtay Əsədov, sirrə qədəm basan Elşad Mirbəşir, Nəcməddin Sadıkov uzun müddətdir ki, görünmür. Əbülfəs Qarayevlə Elmar Məmmədyarov isə ara-sıra ictimaiyyət arasında görünsə də, onlar da səsləndirilən ciddi iddiaları və ittihamları sadəcə, yüngül formada təkzib etməklə kifayətlənirlər.
Hansı ki, Ramiz Mehdiyev daha öncə onun barəsində səsləndirilən bu ittihamları “axmaq söz-söhbət” adlandırmışdı. İndi o, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət edib onları suallarını cavablandırmalı olacaq.
Elmar Məmmədyarov isə daha öncə Teleqraf-a açıqlamasında onu Moskva ilə əlaqələndirmək üçün heç bir tutarlı səbəb və əsas olmadığını bildirmişdi.
Hər halda adıçəkilən şəxslərin Vətən müharibəsi dönəmində, xüsusilə gərgin zamanda vəzifədən uzaqlaşdırılması ciddi məqamlardan xəbər verir. Məntiqli suallar yaranır axı: həmin dönəmlərdə ən vacib postu – XİN rəhbəri vəzifəsini daşıyan Elmar Məmmədyarov niyə evdən işləyirdi? Nəcməddin Sadıkov müharibənin başlanğıcında – oktyabr ayında vəzifədən niyə uzaqlaşdırıldı? Kiçik fiqur olsa belə, Elşad Mirbəşir Sosial Tədqiqatlar Mərkəzindən hara yoxa çıxdı? Əli Həsənov niyə üzə çıxmır? Oqtay Əsədov haralardadı, ictimaiyyətdə niyə görünmür?
Qeyd edək ki, Ramiz Mehdiyevin komandası ilə birgə mərhum gənclər və idman naziri Azad Rəhimovun da adı hallanıb. Son dönəmlərdə Bakıda “Rus Evi”nin təşkil olunmasında isə Azad Rəhimovun qaynı olduğu bildirilən Elçin Həsənov iştirak edib ki, bu iş adamının da şəbəkə üzvü olmasına dair ciddi iddialar var.
Onu da xatırladaq ki, ötən ilin sonlarında Hesablama Palatasından daxil olmuş material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılıb. Bəzi epizodlarda ibtidai istintaq yekunlaşıb, cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. AMEA-ya 2019-2022-ci illərdə Ramiz Mehdiyev rəhbərlik edib.