Ramin Hacılı məhkəmədə ifadə verməkdən imtina edibbackend

Ramin Hacılı məhkəmədə ifadə verməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama əsasən, R.Hacılı xarici ölkələrə iş, səyahət və daimi yaşayış üçün getmək istəyənlərə səfirliklərdən viza, sonradan həmin ölkələrdə oturum almağa kömək vəd edib. Bu adla da onlardan pul alıb.

İttihamda göstərilib ki, viza almaq prosesində Macarıstan, Latviya və başqa ölkələrin Azərbaycandakı səfirliklərinə həmin şəxslərin iş yeri, bankda vəsaiti haqda saxta sənədlər təqdim olunub. O, müxtəlif şəxslərdən 1 000 manatdan 18 000 manata qədər pul alıb, onları aldatmaqda təqsirləndirilir.

R.Hacılının barəsində mütəşəkkil dəstə tərkibində dələduzluq, saxta sənəd hazırlama, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət verməyə təhrik və başqa ittihamlar irəli sürülüb.

O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. R.Hacılı məhkəmənin xüsusi nəzarət altında keçirilməsini xahiş edib.

Daha sonra o, məhkəmədə ifadə vermək istəmədiyini, şahid və zərərçəkmişlər dindirilənlərdən sonra danışacağını söyləyib.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Əliyev vəsatət qaldıraraq, müvəkkili barəsində irəli sürülmüş dələduzluq, rüşvət verməyə təhrik və başqa ittihamlara xitam verilməsini istəyib.

Vəkil R.Hacılının barəsində irəli sürülmüş ittihamla razı olmadıqlarını qeyd edib: “Bu cinayət işində mütəşəkkil dəstə anlayışı var. Burada rollar müəyyənləşdirilməyib, pul bölgüsü yoxdur. Alınan pullar təyyarə biletləri və başqa xərclərə sərf olunub. Ramin Hacılını yalnız saxta sənəd məsələsində günahlandırmaq olar. Xahiş edirəm, onun əməlinə Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddəsilə hüquqi qiymət verilsin”.

Vəkilin bu vəsatəti baxılmamış saxlanılıb.

Daha sonra prosesdə şahid qismində “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyində çalışan Lalə İbrahimova ifadə verib. O deyib ki, R.Hacılı ilə eyni ofisdə çalışıb.

Şahid qismində Sənan Kərimov da dindirilib. O, məhkəmənin nəzərinə çatdırıb ki, R.Hacılını əvvəllər sosial şəbəkələrdən travel işləriylə məşğul olan biri kimi tanıyıb, sonralar onun işlədiyi ofisə gedərək əyani tanış olub.

Məhkəmənin növbəti iclası iyunun 22-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.