Milli Məclisə sentyabrın 1-də keçiriləcək seçkilərlə bağlı iqtidar və müxalifət düşərgəsindən namizədliyini verənlərlə yanaşı, illərdir parlamentdə bitərəf deputat kimi fəaliyyət göstərən şəxslər də bu il mandat əldə etmək üçün öz şanslarını sınayacaqlar.
Yenicag.az-ın seçki marafonu əlaqədar başlatdığı araşdırmadan məlum olub ki, “Şöhrət” ordenli iqtisadçı, parlamentin III, IV, V və VI çağırış deputatı olmuş Vahid Əhmədov bu dəfə də 59 saylı Quba seçki dairəsindən yenidən deputatlığa namizəd olub.
Xatırladaq ki, YAP bu dairədən Əlibala Məhərrəmzadənin namizədliyi irəli sürüb.
Keçmiş Qarabağ Azadlıq Təşkilatının, hazırda isə Azad Vətən Partiyasının sədri Akif Nağı isə 124 saylı Şuşa-Ağdam-Xocavand dairəsindən deputatlığa namizəd olduğunu açıqlayıb. Onun sözügedən dairədə rəqibi isə YAP üzvü Leyla Babışova olacaq.
Ölkənin ən böyük “ana müxalifət” partiyası sayılan Müsavat Partiyası da builki seçkilərdə bir sıra namizədlərlə iştirak edəcəyini bəyan edib. Lakin buna baxmayaraq, partiyanın başqanı İsa Qəmbər və Müsavat Ali Məclisinin sədri Arif Hacılı növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
“Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, lakin Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəyəm”, – deyə İ. Qəmbər bildirib.
Müxalifətdən söz düşmüşkən, Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən isə Natiq Cəfərlinin namizədliyi 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürülüb.
REAL partiyasının Siyasi Komitəsinin üzvü və icra katibi Natiq Cəfərlinin bu dairədə rəqibləri VI çağırış Milli Məclisin bitərəf deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc və tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasovdur. N. Cəfərlinin sözügedən dairədən YAP-çı rəqibi isə Yengibar Əliyevdir.
Qeyd edək ki, REAL Partiyasının sədri İlqar Məmmədov özünün “Telegram” kanalında yazıb ki, REAL Partiyası namizədlərindən daha biri – Elşən Ədalətli tələb olunan 450 imzanı toplayıb, Biləsuvarda dairə seçki komissiyasına təhvil verib:
“Beləliklə, REAL Partiyasından 13 namizədimizdən artıq 4-ü bu mərhələdə üzərinə düşən texniki işi yerinə yetirib. Biri isə, Toğrul İskəndərli Gəncədə DSK-dan qeydə alınmış namizəd statusunu alıb, yəni onun 450 imzası yoxlanılaraq təsdiqlənib”, – İ. Məmmədov bildirib.
Bundan əlavə, Azərbaycan ordusunun polkovnik-leytenantı Ramil Səfərovun həyat yoldaşı, QHT sədri Şəbnəm Səfərova isə 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizədliyini verib. Onun bu dairədə YAP-dan olan rəqibi isə İbrahim Məmmədovdur.
Mövzunu davam etdirəcəyik…