Dünən Ramanı qəsəbəsində 11 yaşlı uşaq quduz itlərin hücumuna məruz qalıb. Tribunainfo.az xəbər verir ki, bu barədə qəsəbə sakinləri məlumat veriblər.
Hadisə dünən axşam saatlarında baş verib. Belə ki, məhəllədə oynayan uşaqlara quduz itlər qəfil hücum ediblər. Nəticədə, 11 yaşlı Vaqif adlı uşaq ağır xəsarət alaraq, xəstəxanaya çatdırılıb.
Həkimlərin ilkin diaqnozuna görə, 11 yaşlı Vaqifin sol ayaq damarları tamamilə sıradan çıxıb. Onun bir ayağının inkişafdan qalma ehtimalı böyükdür. Həkimlər uşağın bundan sonbra şikəst olma ehtimalının yüksək olduğunu qeyd ediblər.
Sakinlər Tribunainfo.az-a bildiriblər ki, sahibsiz itlərlə bağlı dəfələrlə rəsmi qurumlara müraciət ediblər. Lakin tədbir görülməyib. “Bu ilk hal deyil. Bundan əvvəl də məktəbli uşaqlar quduz itlərin hücumuna məruz qalıblar. Dəfələrlə məsələ barədə rəsmi qurumlara müraciət edərək, quduz itlərin ərazidən toplanmasını tələb etmişik. Lakin tədbir görülməyib”.
Ramana sakinləri deyirlər ki, əgər əvvəllər quduz itlər bir qədər aralıdakı zibilliklərdə dolaşırdılarsa, indi məhəllə içlərinə dolmağa başlayıblar. “Onlar əsasən yol kənarlarındakı zibilliklərdə eşələnirdilər. İndi məhəllələrin içinə girməyə başlayıblar. Dünəndən heç kim uşağını həyətə buraxçır. Qorxur ki, itqlərin hücumuna məruz qalar”.
Onlar rəsmi qurumlara saytımız vasitəsi ilə bir daha müraciət ediblər. “Biz xahiş və tələb edirik ki, ərazidəki sahibsiz və quduz itləri toplayasınız. Özümüz və ən əsası uşaqlarımızın təhülkəsizliyi sual altındadır. Birinci gündən dərslər başlayır. Uşaqlarımızı dərsə necə göndərəcəyik? Bu məsələyə əncam çəkin”.