backend

Rafet El Roman bakılı qıza vuruldu-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elə məsələlər var ki, onların qarşısında bəzən sevgi və musiqi də yetərsiz qalır. Bu zaman “həyatdı da” deyib susmaqdan başqa əlindən heç nə gəlmir”. 

“Elə məsələlər var ki, onların qarşısında bəzən sevgi və musiqi də yetərsiz qalır. Bu zaman “həyatdı da” deyib susmaqdan başqa əlindən heç nə gəlmir”.

Bu sözləri Bakı pərəstişkarını konsert ilə sevindirən Rafet El Roman deyib.

TİA.AZ xəbər verir ki, dünən Rafet El Romanın Heydər Əliyev adına sarayda Nahid Emiloğlunun təşkilatçılığı ilə çoxdan gözlənilən konserti baş tutub. Səhnəyə birinci çıxan konsertin aparıcısı Nanə Ağamalıyeva tamaşaçıları salamlayaraq bu soyuq qış gecəsinin olduqca isti keçəcəyinə söz verib. Daha sonra aparıcı qonaqları intizarda saxlamayaraq hər kəsin səbirsizliklə gözlədiyi səbəbkarı səhnəyə dəvət edib. Beləliklə, sehrli və sürprizlərlə dolu isti qış gecəsi başlayıb…

Tamaşaçılar da öz növbəsində sevimli ifaçılarını gurultulu alqışlarla qarşılayıb. Türkiyəli müğənni konserti “Suç bendemi” mahnısı ilə açıq elan edib. Elə ilk dəqiqədən bakılı tamaşaçılarla ifaçı arasında inanılmaz doğmalıq hiss olunub. Həmin gün Heydər Əliyev adına Sarayda Rafet öz solo konserti ilə izləyricilərə demək olar ki, enerji partlayışı yaşadıb. Onun romantik və şux manhıları ilə konsertə toplaşanların təkrarolunmaz energetikası axşamı daha da unudulmaz edib.

Rafet El Roman son vaxtlarda Türkiyədə baş verən xoşagəlməz hadisələrə də laqeyd qalmayıb. İlk mahnısını oxuduqdan sonra müğənni baş verənlərin onu da kədərləndirdiyini xüsusi vurğulayıb: “Elə məsələlər var ki, onların qarşısında bəzən sevgi və musiqi də yetərsiz qalır. Bu zaman “həyatdı da” deyib susmaqdan başqa əlindən heç nə gəlmir. Lakin ilahi ədalətin öz yerini tutacağına şübhə etmirəm. Bu gecə isə sizinlə birlikdə olmaqdan çox məmnunam və inanıram ki, o unudulmaz olacaq”.

Konsert iki hissədən ibarət olub. Rəngarəngliyi və müxtəlifliyi ilə seçilən konsert proqramının birinci hissəsində ulduz “Yakomoz”, “Sevmiyorum”, “Sorma neden”, “Seni seviyorum”, “Yalançı şahidim”, “Bana sən lazımsın”, “Yanımda kal”, “Leyla”, “Ömrümün sahibi” kimi ölməz mahnılarını oxuyub. Tamaşaçılar bu mahnılara biganə qalmayıb, müğənninin sevilən hitlərini onunla birlikdə səsləndiriblər.

Müğənni öz gözəl ifası ilə zala tam hakim olub. El Romanın peşəkarlıq səviyyəsini sözlərlə ifadə etmək mümkün deyil. Onu sadəcə hiss etmək lazımdır… İfaçı sanki tamaşaçıların il ərzində topladığı bütün yorğunluğu hiss edir və onu elə ustalıqla üzərimizdən atmağa çalışırdı ki, buna heyrət etməmək, hər mahnıdan sonra izləyicilərin müsbət emosiyalara kökləndiyini görməmək mümkün deyildi.

Konsertin ikinci hissəsində gecənin qəhrəmanı Heydər Əliyev adına Sarayın səhnəsində sevilən hitləri ilə yanaşı, “Ayrılıq”, eləcə də Ferdi Tayfurun “Ben de özledim”, “Məcnun”, “Kurşun” kimi mahnılarını səsləndirib. Hər bir kompozisiyadan sonra zaldakı atmosfer daha da “coşub”. Bəzi tamaşaçılar ayağa qalxıb, bəziləri isə birbaşa öz yerlərindən rəqs etməyə başlayıblar. Hər halda Rafetin dinamik mahnılarını hərəkət etmədən, heç bir reaksiya vermədən, sakit şəkildə oturub dinləmək sadəcə mümkün deyil.

Lakin xüsusi qeyd etməliyik ki, sürprizlərlə dolu olan konsertin ikinci hissəsi duetlərlə daha çox yadda qalıb. Gecənin qəhrəmanı səhnəyə əvvəlcə Azərbaycanın gənc tarzəni Humayı dəvət edib. Rafet bildirib ki, onun musiqiçiləri tarla ilk dəfədir ki, tanış olub. Daha sonra müğənni Humayın tarda müşayiəti ilə “Sən gəlməz oldun”-u oxuyub. Tarın səsi həqiqətən də bu mahnıya spesifik rəng qatıb. Tar səsindən təsirlənən müğənni elə səhnədəcə Bakı haqqında yeni mahnı bəstələyib. Bədahətən bəstələnən mahnının sözlərində isə ifaçı Bakıda bir qıza vurulmasından bəhs edib. Qonaqlar hər iki musiqiçi belə möhtəşəm ifaya görə, bir neçə dəqiqə dayanmadan alqışlayıb.

Çıxışlarından əlavə, müğənni pərəstişkarları ilə ünsiyyətə də böyük yer verib, hətta zarafatlarından da qalmayıb: “Azərbaycanı çox sevirəm. Burada özümü vətənimdəki kimi hiss edirəm. Məndən hansı ölkəni sevdiyimi soruşanda, dərhal “Azərbaycan” deyirəm. Bəzən düşünürəm ki, kaş, Azərbaycanda azərbaycanlı doğulardım. O zaman əfsanə olardım. Məni daha yüksək zirvələrə qaldırardılar. Hərdən mənə elə gəlir ki, burada məni daha çox sevirlər. Buraya sevilən əsərlərimi və mahnılarımı gətirmişəm. İstəyirəm ki, bütün gözəl anlarımızı xatırlayaq”.

Rafet El Roman sevgilisinə bir maşın gül göndərdiyi haqda yayılan məlumatlara səhnədə aydınlıq gətirib: “Sevmək, sevilmək gözəl hissdir. Mənə hava limanında Tuvana Türkayla sevgilim olduğum və ona bir yük maşını gül göndərməyim haqqında sual verdilər. Bu xəbərlər əsassızdır”.

Türkiyəli qonaq həmçinin gənc müğənni Çinarə Məlikzadə ilə səhnəni bölüşüb. İfaçıların “Ayrılıq” dueti isə tamaşaları duyğulandırıb. Ç.Məlikzadəyə təriflər yağdıran Rafet onun üçün yeni mahnı yazacağını bildirib: “Mən səhnəyə çətinliklə gəlmişəm. O vaxt özümə söz verdim ki, nə zamansa məşhur olsam, istedadlı gənclərə dəstək olacağam. Çinarə mənim yeni kəşfimdir. İsmi də maraqlıdır, birinci dəfədir ki, belə ad eşidirəm. Musiqiçi dostlar dinləyib, çox bəyənmişdi. Mən də onunla səhnəni bölüşmək istədim. Çox gözəl səsi var, istəsə, yüksək zirvələrə qalxa bilər. Əminəm ki, onun səsi dünyada tanınacaq. Söz verirəm ki, Çinarə üçün yeni və gözəl mahnı yazacağam”.

Bakı tamaşaçılarının uzun müddət unuda bilməyəcəyi konsertin sonunda Rafet El Roman dahi sənətkar Barış Mançonun “Can bedendən çıkmayınca” mahnınısı səsləndirib. Ürəklərdə və beyinlərdə iz qoymuş mahnını hər kəsin birağızdan oxuması konsertə və mahnılara görə minnətdarlıq hissinin təbii ifadəsi idi.

Bütövlükdə konsert boyu zalda gözəl ab-hava hökm sürüb və ümumi şadyanalıq fonunda, konsert zalında sayrışan işıqların altında bayramsayağı əhval hiss olunub. Ümid edək ki, Refet El Roman azərbaycanlı tamaşaçılarını daha çox intizarda saxlamayacaq və yeni konsert proqramları ilə bizi sevindirməyə tələsəcək.