Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətinin yeni başçısı 1959-cu ildə İsmayıllı rayonunda anadan olub.
1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
1985-1993-cü illərdə Tver şəhərinin “Elektroaparatura” zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin “Kalininmaşdetal” istehsalat birliyində baş mühasib vəzifəsində çalışıb.
1993-cü ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu illərdə müfəttiş, şöbə rəisi kimi işləyib.
1999-cu ildə “İri vergi ödəyiciləri ilə iş üzrə” Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.
2001-2009-vu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini, 29 mart 2016-cı il tarixli Sərəncamı ilə isə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
2020-ci ildə İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə İqtisadiyyat nazirinin müşaviri vəzifəsinə təyin olunub.
Ailəlidir, 2 övladı var.