Azərbaycanda quru sərhədlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Belə ki, İranın xarici işlər naziri Abbas Əraqçı iki ölkə arasında müvafiq addımın gözlənildiyini açıqlayıb. O bildirib ki, bu, son bir ildə həm dövlət başçıları, həm də xarici işlər nazirləri səviyyəsində mütəmadi müzakirə olunur.
Son bəyanat quru sərhədlərin açılması istiqamətində ilk addım sayıla bilərmi? Bu istiqamətdə hansı şərtlər mövcuddur?
Tribunainfo.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı, sabiq deputat Vahid Əhmədov deyib ki, hazırda Azərbaycan-İran sərhədinin açılması real görünmür:
“Amma əhalinin normal gediş-gəlişi üçün müəyyən addımlar atıla bilər. Xüsusilə Rusiya istiqamətindən ölkəyə giriş-çıxışın asanlaşdırılması məqsədilə Gürcüstanla sərhəddə xüsusi bir keçid koridoru açmaq mümkündür. Ermənistanla bağlı vəziyyətə gəlincə, hələ sülh sazişi imzalanmayıb. Doğrudur, müsbət dinamika müşahidə olunur, qarşılıqlı əlaqələr formalaşır, dəmir yolu xətləri bərpa edilir. Amma qeyd edilən sənəd olmadan bu istiqamətdə arxayınlıqdan danışmaq olmaz. Buna görə də Azərbaycan dövləti hazırda sərhədlərin tam açılmasını məqsədəuyğun hesab etmir”.
İqtisadçı bildirib ki, quru sərhədlərin müəyyən hissələrinin açılması ən azı məhdud şəkildə insanların rahat gediş-gəlişini təmin etmək üçün vacib olardı:
“Çünki hər kəsin təyyarə ilə səfər etməyə maddi imkanı yoxdur, halbuki quru yolla səyahət daha münasibdir. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi işlər görülür. Məlumata görə, bu layihənin 2026-cı ilin sonuna, ən geci 2027-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır. Bu da regionda nəqliyyat əlaqələrinin bərpasına və gediş-gəlişin asanlaşmasına şərait yaradacaq. İranla sərhədlərin açılması isə iki ölkə arasında aparılan danışıqlardan asılıdır. Ölkələr arasında müəyyən ticarət əlaqələri mövcud olsa da, bəzi problemlərə görə hələlik konkret nəticələr əldə edilməyib”.










