“Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkəni, Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin cəzası azaldılıb. Məhkəmə hökmü ilə 8 il azadlıqdan məhrum edilmiş MTK şefinin kürəkəni barəsində apelyasiya şikayəti əsasında 3 il həbsindən azaldılıb. Tribunainfo.az bildirir ki, Kəlbəliyevin cəzası 5 ilə endirilib. Məhkəmə belə qərara gəlib ki, təqsirləndirilən şəxs hadisə vaxtı içkili olmayıbmış. 2021-ci ilin iyun ayında Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər. Hadisə vaxtı E.Kəlbəliyev sərxoş vəziyyətdə olub. Sonradan ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar. Artıq həbsin iki ildən çoxunu çəkmiş məhkum təxminən 2-3 il sonra azadlığa çıxacaq. Amma ortalıqda dörd nəfərin ölüm faktı var. Mediada belə iddialar var ki, MTK rəhbəri kürəkənini azadlığa çıxarmaq üçün səxavət kisəsini açıb və məhkəmələrdə onun işini yüngülləşdirməyə çalışır. Faktiki olaraq, bunun nəticəsi də var. İki il sonra apelyasiya belə qərara gəlib ki, Kəlbəliyev içkili deyilmiş.