Suriyada yeni hökumətin qurulmasından sonra Hələb şəhərində dəfn olunan böyük Azərbaycan şairi İmadəddin Nəsiminin məzarının ölkəmizə gətirilməsi məsələsi yenidən gündəmə gəlib.
Bir tərəfdən Nəsiminin qəbrinin vətənə gətirilməsinin milli-mənəvi dəyər daşıdığı, Azərbaycan ədəbiyyatının böyük klassikinin irsinin öz doğma torpağında yad edilməsinin vacib olduğu vurğulanır. Digər tərəfdən isə onun məzarının tarixi taleyinə şahidlik edən Hələbdə qalmasının daha məntiqli olduğu, Nəsiminin təkcə Azərbaycan deyil, bütün Şərq-islam dünyasının dəyəri kimi qorunmasının əhəmiyyət kəsb etdiyi bildirilir.
Qeyd edək ki, ölkəmizdən kənarda dəfn olunan Azərbaycanın görkəmli nümayəndələri Nəsimi ilə məhdudlaşmır.
Modern.azsərhədlərimizdən kənarda dəfn edilən məşhurlarımızı araşdırıb.
Məhəmməd Füzuli 1494-cü ildə indiki İraq ərazisində anadan olub. Füzuli ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənib. Onun sağlığında doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişib. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazıb, ilk şeirini isə Ağqoyunlu şahı Əlvənd Mirzəyə həsr edib. Füzuli poeziyasının çoxunu İraqda Osmanlı hakimiyyəti dövründə yazıb və buna görə o bəzən Osmanlı şairi də adlandırılır. O, Təbriz, Anadolu və Hindistan kimi yerləri görmək arzusunu bildirməsinə baxmayaraq, İraqdan kənara heç vaxt səfər edə bilməyib. 1556-cı ildə Füzuli taun xəstəliyindən vəfat edib və vəsiyyətinə uyğun olaraq Kərbəlada dəfn olunub.
İmam Hüseynin dəfn olunduğu ziyarətgah kompleksinin ərazi illərdir aparılan tikinti işlər səbəbi ilə ictimaiyyətə bağlıdır. Onun adını İmam Hüseyn məqbərəsinin giriş qapılarının birinin yanındakı divara həkk edərək, daşın üzərinə bu yerdə dəfn olunduğunu yazılıb və ziyarət üçün rəmzi məzarı hazırlanıb. Məzarın üzərinə, Hicri 10-cu əsrdə yaşamış, ərəb, türk və kürd dillərində İmam Hüseyn haqda mərsiyələr qələmə alan şair Füzuli Bağdadinin qəbri, – yazılıb.
1812-ci ildə Nuxa – indiki Şəki şəhərində anadan olan Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatında realist dramaturgiyanın banisi, maarifçiliyin öncülü və düşüncə azadlığının təbliğatçısı kimi tarixə düşüb. Bütün həyatını xalqının tərəqqisinə həsr edən M. F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə – 65 yaşında Gürcüstanda vəfat edib. Onun məzarı Tiflis müsəlman qəbiristanlığında görkəmli azərbaycanlılar panteonunda, öz vəsiyyətinə uyğun olaraq müəllimi Mirzə Şəfi Vazehin qəbri yanında dəfn olunub.
Rəşidbəy Əfəndiyev Axundzadəni ömrünün son günlərində ziyarət edib. R. Əfəndiyev xatirələrində yazır:
“O, mənə Qori darülmüəllimeyninə daxil olmağı məsləhət gördü. O zaman mənə öz komediyalarından bir nüsxə yadigar verib dedi: “Qardaş oğlu! Mənim bu əsərlərimdən xoşladığınızı vətənim Nuxada səhnəyə qoymağınızı arzu edirəm”.
Mən tapşırıqlarına əməl etdim. 1879-cu ildə Nuxa şəhərində barama anbarlarının birində səhnə düzəldərək “Hacı Qara”nı oynadıq. Mən özüm Hacı Qara rolunu götürmüşdüm”.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimardan bəy Topçubaşovun məzarı mühacir həyatı yaşadığı Parisdə yerləşir.
Əlimərdan bəy 8 noyabr 1934-cü ildə Paris ətrafında, vəfat edib. Məzarı Sen Klu şəhər qəbirstanlığında yerləşir. Onun dəfnində Məhəmməd Əmin Rəsulzadə və AXC-nin sürgündə olan hökumətlərinin nümayəndələri iştirak edib. “…Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər…
Budur sənə söyləyəcəyim son söz! … Sənə bizlərdən minlərlə rəhmət ! … Sənə bizlərdən minlərlə hörmət!! …” – Topçubaşovun məzarı başında Məhəmməd Əmin Rəsulzadə nitqi zamanı deyib.
Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxada – indiki Şəki şəhərində anadan olub. O əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olub, sonralar Şimali Azərbaycana – Şəkiyə köç etmiş məşhur Xoyskilər nəslindəndir.
O,, Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri və daxili işlər naziri təyin edilib. 1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Fətəli xan Gürcüstana-Tiflisə getməyə məcbur oldu. Tiflisə köçdükdən sonra bolşeviklər onu təqib etməyə başladılar. Bu iş ermənilərə həvalə olunmuşdu.
Uzun sürən təqibdən sonra erməni quldurları 1920-ci il iyun ayının 19-da Fətəli xanı qətlə yetirdilər. Qatillər “Daşnaksütyun” partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idi, onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açaraq öldürdülər. Tiflis müsəlman qəbiristanlığında görkəmli azərbaycanlılar panteonunda dəfn edilib. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan Məmməd Əmin Rəsulzadə Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən müalicə alırdı, o həmin xəstəxanada 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış vəfat edib. Ankara radiosu martın 7-sində saat 22:45-də Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi xəbərini yayıb.
Saat 12:30-da M.Ə.Rəsulzadənin cənazəsini Əsri məzarıstanlığına aparılır. Cənazənin önündə “Azərbaycan Kültür Dərnəyi”, “Yardımlaşma Dərnəyi”, “Milli Kitabxana”, “Türk Kitabxanaçılar Dərnəyi”, “Qarslı Yüksək Tələbələrə Yardım Dərnəyi”, “Qəzetəçilər Cəmiyyəti” təmsilçiləri, İdil-Ural və Krım türklərinin, polşalıların nümayəndələri vardı. M.Ə.Rəsulzadənin cənazəsi Əsri məzarıstanlığında (156 ada 12 parsel saylı məzar) torpağa tapşırıldı.
Məzarı başında ilk sözü Əbdülvahab Yurdsevər deyib:
“Əziz qardaşlarım! Bu gün son yarım əsrlik türk tarixinin ən böyük, ən nurlu simalarından birini torpağa təslim edirik. Məhəmməd Əmin Rəsulzadə əlli ildən çox siyasi, ictimai,elmi, ədəbi çalışmaları, türklük və Azərbaycan istiqlalı uğrundakı qəhrəmanca savaşları ilə bu yüksək ünvana və şanlı mərtəbəyə çatmışdır. Emin bəy türk ulusunun qurtuluş yolunu təşkilatlandıran, parlaq bir istiqbala doğru götürənlərdən biridir. Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur”.
1891-ci ilin fevralında Şuşada anadan olan Ceyhun Hacıbəyli nüfuzlu Hacıbəylilər ailəsində dünyaya gəlib. Əsasən bədii, elmi ədəbiyyat və publisistika ilə məşğul olmasına baxmayaraq, musiqi sahəsində də qardaşı Üzeyirə kömək edirdi. Şərqin ilk operası olan “Leyli və Məcnun”un ərsəyə gəlməsində onun da müəyyən xidmətləri var. Hətta 1908-ci ildəki ilk premyerada Ceyhun Hacıbəylinin İbni Səlam və Nofəl rolunu da oynadığı deyilir. Murtuza Nağıyevin maliyyə dəstəyi hesabına əvvəlcə Sankt-Peterburqda, daha sonra isə o zamanın ən nüfuzlu universiteti sayılan Parisin Sorbonn Universitetində Siyasi işlər fakültəsində təhsil alıb. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Versal sülh konfransında müşaviri təyin olunur. Əlimərdan bəy Topçubaşov komandasının əsas simalarından olan C.Hacıbəyli bundan əvvəl parlamentin rəsmi orqanı olan “Azərbaycan” qəzetində redaktor kimi də öz bacarığını göstərmişdi.
1919-cu ildən ölümünə qədər vətənindən uzaqda mühacirət həyatı yaşayan Ceyhun Hacıbəyli vəfatından üç gün əvvəl – 1962-ci ilin 19 oktyabrında Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayır. Həmin məktubda o, Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayır, hər cür qruplaşmaya qarşı olduğunu bildirir və dostuna mühacirləri bir yerə toplamasını vəsiyyət edir. Bu barədə sonradan “Mücahid” jurnalının 1963-cü il nömrəsində “Ceyhun bəyin vəsiyyəti” adlı irihəcmli məqalə dərc olunur.
Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə dünyasını dəyişib. Burada Sen-Klu qəbiristanlığında dəfn edilib
Araşdırmaçı-jurnalist Qərənfil Quliyeva bildirir ki, Fəxri xiyabanda Hacıbəylilər ailəsinin dəfn olunduğu hissədə Üzeyir bəyin məzarının yanında bir boş yer var ki, onu da Ceyhun Hacıbəyli üçün saxlamışdılar. Ailəsi istəyirdi ki, o, Üzeyir bəyin yanında dəfn olunsun. Yəni onun vətənə qayıdacağına axıradək inanırdılar:
“Ceyhun bəy isə buna heç inanmırdı. Elə yazının əvvəlində onun adından verilən qeydlərdə bildirildiyi kimi, Ceyhun bəy ömrünün axırına qədər bunun acısını çəkib: “Onları bir daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım – kişilər və qadınlar bir-birinin ardınca dünyadan köçürlər. Elə mən özüm də köçəcəyəm…”.
“1960-cı ildə Ceyhun bəy Fransanın jurnalına verdiyi müsahibədə ona ünvanlanan suala cavab olaraq yaxın zamanlarda SSRİ-nin çökəcəyini deyib. Qeyd edib ki, “mən inanmıram ki, o quruluş 100 il yaşasın”.
Ceyhun Hacıbəyli bu müsahibədən 2 il sonra dünyasını dəyişir. Parisdə dəfn edilən Ceyhun Hacıbəylinin vətəndə də hələ qazılmamış məzarı var. Üzeyir bəy hələ də onu “gözləyir…”.
1869-cu ildə Şuşada dünyaya gələn, Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu 1905-ci ildə çar hökumətinə və daşnaklara qarşı mübarizə aparmaq üçün gizlin “Difai” təşkilatını qurub Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur. 1918-ci ildə Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir.Ömrünün sonuna qədər Türkiyədə yaşayan Ə. Ağaoğlu dəyişməzdən əvvəl başına toplanan övladlarına və ağlayan qızı Tezerə bunları deyir:
“Ağlama qızım, insan şüurlu bir makinadır, o da bir gün dayanacaq, əlbəttə. Mənə söz verin, heç bir güc sizi bir-birinizdən ayırmayacaq. Heç bir zaman doğrunu söyləməkdən çəkinməyin, doğruya doğru, əyriyə əyri deyin”.
Əhməd bəy Ağaoğlu qaraciyər iltihabından ürək çatışmazlığı nəticəsində 19 may 1939-cu ildə İstanbulda dünyasını dəyişib. Ağaoğlunun cənazəsi Nişantəpədəki evindən, Təşfikiyyə camisinə gətirilib. Cənazə namazı qılındıqdan sonra isə Feriköy məzarlığında həyat yoldaşının yanında dəfn olunub. 1939-cu il mayın 19-dan 22-dək olan bütün Türkiyə qəzetləri Əhməd bəy Ağaoğlunun dəfnindən reportajlar, xatirələr, həyatından müxtəlif detallar çap edirlər.
1864-cü ildə Salyanda dünyaya gələn, Azərbaycan mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri də Əli bəy Hüseynzadədir. 1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olur, burada “Xalqçılar” hərəkatına rəğbət bəsləyir. Bu səbəbdən bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Ə. Hüseynzadə Türkiyəyə, İstanbula gəlir, burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və “İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.
Əli bəy axırıncı dəfə Azərbaycana 1926-cı ildə keçirilən Türkoloji Qurultaya qatılmaq üçün gəlib. Həmin vaxt qardaşı İsmayıla deyib ki, mən görürəm, burada vəziyyət gərgindir. Mən artıq Azərbaycana gəlməyəcəyəm və sənə də məktub yazmayacağam. Çünki bu, sənin üçün təhlükəlidir. Bundan sonra İsmayılı həbs edib, 2 illiyə Kurqan şəhərinə sürgünə göndəriblər. Oradan qayıtdıqdan sonra yenidən 1941-ci ildə bütün Hüseynzadələr ailəsini sürgünə göndəriblər.
Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib. Onun məzarı İstanbulda Karaca Ahmet məzarlığında dəfn edilib. Həmin məzar daha sonra oğlu Səlim Turana da son mənzil olub.
Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə müsahibələrinin birində deyir: Əli bəyin övladları mənə deyirdilər ki, çox böyük əzabla yaşayıblar. Onların öz evləri olmayıb, kirayələrdə böyüyüblər. Hətta uşaqların hərəsi bir kirayə evdə dünyaya gəlib. Feyzavər həmişə atası ilə bir otaqda qalırmış. Əli bəy isə gecə yarısına qədər yazırmış.
O hər səhər – yayda da, qışda da durub, soyuq su ilə başını yuyurmuş. Bir gün oğlu Səlim görüb ki, atası üzünü yuyan zaman yavaş-yavaş arxaya tərəf gedir. Həmin dəqiqə Səlim atasını tutub və yatağa uzadıb. Və Əli bəy heç bir söz demədən, elə oradaca dünyadan köçüb. Əksəriyyəti iztirablar içində, 30 ildən çoxunu mühacirətdə keçən Əli bəy Hüseynzadə ömrü 76 yaşında, 1940-cı ildə İstanbulda başa çatır. Qaraca Əhməd məzarlığında, Səlimiyyə təkkəsi qarşısındakı yerdə, şair Hədimin qəbri yaxınlığında dəfn olunur. Yeganə oğlu Səlim bəy Parisdə yaşayıb. Elə orada da dünyasını dəyişib. Cənazəsini İstanbula gətirib, atasının məzarına dəfn ediblər.
Ata-oğul eyni məzarda. Onun məzarının Azərbaycana gətirilməsi məsələsi ortaya çıxanda da qızı Feyzavər xanım deyib ki, “istəmirəm, atamı narahat etsinlər, qardaşımız Səlim də onun yanındadır”.
Azərbaycanlı dramaturq Hüseyn Cavidin də məzarı bir vaxtlar ölkə hüdudlarından kənarda – sürgün olunduğu Sibirdə yerləşirdir. Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci il oktyabrın 26-da şairin nəşi Sibirdən Bakıya, sonra isə doğulub boya-başa çatdığı Naxçıvan şəhərinə gətirilərək evinin qarşısında torpağa tapşırılıb, 1996-ci ildə məzarı üzərində məqbərə ucaldılıb. Həmçinin Cavidin ömür-gün yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrulun qəbirləri (hər iki qəbir 1996-cı ildə, sərdabə tikilərkən buraya köçülürüb) və qızı Turan xanımın qəbri sərdabədədir.