Qurban Qurbanov: “Sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik”

Qurban Qurbanov: “Sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” “Şelburn”la matçda az güc sərf edib, yaxşı oyun sərgiləməyi planlaşdırır.

Tribunainfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıdakı qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

“Bəzi üstünlüklərimiz var. Lakin ciddi rəqibə qarşı oynayacağıq. İnşallah, sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik. Mərhələni keçən komanda bəlli deyil. Hələ cavab qarşılaşması var”.

Q.Qurbanov heyətə yeni hücumçu cəlb etmək istədiklərini bildirib:

“Hücum xəttinə uzun müddətdir ki, yeni oyunçu axtarışındayıq. Bu müddətdə danışıq apardığımız, hətta, razılıq əldə etdiyimiz futbolçular oldu. Görünən odur ki, daha sərfəli təkliflər aldılar və başqa komandanı seçdilər. Hazırda heyətdə yer alan hücumçulardan razıyam. Yeni hücumçu transfer etməklə komandanın ön xətdəki gücünü bir qədər də artırmaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ” – “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.