Qurban Qurbanov fotoqrafın klubdan uzaqlaşdırılmasına münasibət bildirdibackend

Qurban Qurbanov fotoqrafın klubdan uzaqlaşdırılmasına münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun 4 il əməkdaşlıq etdiyi fotoqrafı Elmir Kərimovla yollarını ayırmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi “Neftçi” ilə heç-heç etdikləri oyundan (1:1) sonra keçirilən mətbuat konfransında səsləndirilən “Fotoqrafınız Elmir Kərimovun klubdan uzaqlaşdırılması barədə mövqeyiniz necədir? Nəsə edəcəksiz?” sualına belə cavab verib:

“Bir məsələdən əmin olmaq üçün onu 100 faiz dəqiqləşdirmək lazımdır ki, haradan başlayıb, necə olub. Mən də ilk olaraq sosial şəbəkələrdən eşitdim. Orada çıxdı. İstəmərəm belə mövzu burada müzakirə olunsun. Özümüz də fikirləşməliyik ki, söhbət 50 manatdan gedirsə, klub belə addım ata bilərmi? Neçə illərdir ki, çox əziyyət çəkir, hamımız da xətrini çox istəyirik. Rəhbərliklə də yaxşı münasibəti var idi. Rəhbərliklə iş birliyi olub, hər şey normal idi. Belə olması, birdən-birə üzə çıxması, bu qədər gündəmdə olması, bizim üçün heç də xoş deyil. Dərindən dəqiqləşdirmək lazımdır. Məsələn, mənimlə hansısa jurnalist arasında hansısa bir söz deyildisə, böyük narazılıq yaranır. Burada problem olası iş yoxdur. Bu klubda gəldiyim gündən hər zaman kasıblara, imkansızlara böyük yer ayrılıb. Həmişə çalışıblar ki, lazım olan dəstəyi etsinlər. Mən buna çox da ciddi məsələ kimi baxmıram. 500 min, bir milyon söhbəti olsaydı, başqa idi. Olur da, hansısa söz düz deyilməyəndə, insan əsəbiləşir, başqa fikirdə olur. O qədər olub ki, rəhbərliklə məşqçi sıx münasibətdə, dost olur, xırda bir şeyə görə yollarını ayırıblar. O demək deyil ki, mən bu komandaya, məşqçiyə, rəhbərliyə qarşı pis olmalıyam. Xırda detalları yaxından maraqlansalar, bilsələr, daha yaxşı olardı. Düşündüyüm və bildiyim qədərilə, klub tərəfindən problem yaradılmayıb, yaradılmayacaq. Sabah gəlsin, gözümüz üstə yeri var, hər bir azərbaycanlıya, əlil insanlara. Anlaşılmazlıq olub. Bəlkə, bəzi insanlara sərf edib, böyütməyə başlayıb. Məncə, həmişə işçilərimizə diqqətimiz olub”.

Qeyd edək ki, klubun media və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Yusif Cəfərov E.Kərimovun avrokubok çəkilişləri üçün məvacibinin 100 manatdan 50 manata azaldıldığını söyləyib. Fotoqraf bu qərarla razılaşmadıqda isə ona getməkdə sərbəst olduğunu deyilib.