“Emin Mahmudovun tez bir zamanda rekordumu yeniləyəcəyinə inanıram”.
Bunu açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin kapitanı Emin Mahmudovun yığmanın heyətində ona məxsus 14 qolluq rekorda yaxınlaşmasına münasibət bildirərkən deyib.
51 yaşlı mütəxəssis “Neftçi”nin yarımmüdafiəçisinin yaxşı formada olduğunu bildirib:
“Emin son vaxtlar millidə çox yaxşı oyunlar keçirir, əla performans göstərir. Yığmaya xeyir verməkdə davam edir”.
Qurban Qurbanov hazırda hesabında 11 qol olan Emin Mahmudovun Azərbaycan millisi tarixinin ən məhsuldar oyunçusu olmasının vacibliyini düşünür:
“Yenilənməyəcək rekord deyil, çox kiçik rəqəmdir. Ancaq Emin də qısa müddətdə bu həddə gəlib yaxınlaşıb. Onun rekordu yeniləməsinə ancaq sevinərəm. Bu, digər futbolçular üçün də böyük motivasiya olar. Belə hallar ancaq futbolumuzun, futbolçularımızın xeyrinə olur. Rekord yeniləndikcə digər oyunçularda istər-istəməz həvəs oyanır”.
Qeyd edək ki, Qurban Qurbanov 1992-2005-ci illər aralığında Azərbaycan millisinin heyətində 14 qol vurub. Emin Mahmudov isə 2016-cı ildən yığmaya çağırılır.