“Çox vacib matçdır və bizə böyük dəstək var. Bakıda futbol ab-havası var. Bizim üçün məsuliyyətli qarşılaşmadır”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bu rəqibə qarşı mübarizə aparmağın xoş olduğunu bildirib: “Belə klublarla oyunlarda böyük təcrübə yığırıq. Görüşə pis hazırlaşmamışıq. İnanıram ki, oyunçular ən yaxşı çıxışlarından birini göstərəcəklər. 90 dəqiqə matçın içində olmaq, düşünmək vacibdir”.
Təcrübəli baş məşqçi Azərbaycan və Almaniya futbolu arasındakı fərqdən bəhs edib: “Son vaxtlar fərqi nəzərə almışıq, amma dərindən düşünməmişik. Rəqibə qarşı necə oyun qurmalıyıq? Onu fikirləşirik. Rəqibin üstün olduğunu bilirik, amma böyümək üçün çəkinmədən mübarizə aparmalı və 90 dəqiqə istənilən sürətə dözməliyik. Bunu bacarsaq, ildən-ilə daha yaxşısını edə bilərik”.
Baş məşqçi baxımlı futbol oynamağa davam edəcəklərini söyləyib: “Öz tələblərimizdən əl çəkmirik. Ev və ya səfər düşüncəsi yoxdur. Çəkinsək, çox az nəticə əldə edərik. Baxımlı futbol sərgiləməliyik. Sabah da düşündüyümüz hücumları qurmağa çalışacağıq. Onlar ustalıqda bizi üstələyə bilərlər. Amma sabah bacardığımızı göstərmək istəyirik. Böyük klublara qarşı matçlarda da öz oyunumuzdan əl çəkməməliyik”.
Qurbanov Türkiyə xalqına ona dəstək olduqları üçün təşəkkür edib: “Daim bu ölkənin futbolunu izləmişik. Diqqət mərkəzində olmaq bizə əlavə güc verir. Həmişə Türkiyə azarkeşlərini görürük. Bizim yanımızda olublar. “Qarabağ”ı dəstəkləyən qardaşlarımız var. Çəkinəcəyimiz bir şey qalmır”.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.