backend

“Quran səhv tərcümə olunub …” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslamda cəzalar 2 yerə ayrılır: hədd və təzir cəzaları.  

İslamda cəzalar 2 yerə ayrılır: hədd və təzir cəzaları. 

Allahın “Qurani-Kərim”də təyin etdiyi və ləğv edilmə şansı olmayan cəzalar hədd cəzası sayılır. Təzir isə müəyyən səlahiyyətli şəxslərə həvalə edilən və nisbətən kiçik məsələlərlə bağlı tətbiq olunan cəzalardır. Məsələn, yol hərəkəti qaydası təzir sayıla bilər. Amma yol hərəkətində kimisə vurub öldürmək artıq hədd cəzasına aiddir. Bu zaman Allahın cinayətlə bağlı təyin etdiyi cəza tətbiq edilir.

Bunu ilahiyyatçı Elşad Miri “Yaşıl orta” verilişində deyib. O bildirib ki, bəzi cəzalar isə fərqli, daha doğrusu yanlış təqdim olunub: “Biz “Qurani-Kərim”i diqqətlə oxuyub, ayələri təhlil etsək, görərik ki, hədd kimi təqdim olunan bəzi cəzalar hədd deyil və əslində islamda olmayan cəzalardır. Məsələn, əl kəsmək, daş-qalaq etmək, dindən dönəni öldürmək, baş kəsmək kimi cəzaların islamda gerçək qaynağı yoxdur və dinimiz bu əməlləri buyurmur. Eləcə də əllə ayağı çarpaz kəsmək kimi cəza da islamda olmayan bir hökmdür. Bizə hədd kimi təqdim olunan bu cəzalar tətbiq olunduğu zaman elə İŞİD-in edam səhnələri ortaya çıxır. Halbuki İŞİD adında islam sözünü daşıyan bir terror təşkilatıdır. Amma həyata keçirdikləri edam cəzalarının gerçək olmayan dini mənbələrdə istinadları var. İŞİD də deyir ki, bizim etdiyimiz edamların-baş və əl kəsməyindini mənbələrdə hökmləri var. Bu gün “Qurani-Kərim”in yanlış tərcümələrində və peyğəmbərə istinad olunan rəvayətlərdə, uydurma hədislərdə baş və əl kəsməyə rast gələ bilərsiniz. Halbuki, aləmlərə rəhmət olaraq göndərilən Allah rəsulu heç zaman bir insanın başının və əlinin kəsilməsinə razı olmazdı. Nə də “Quran”ın ərəbcə orijinalında baş kəsilməsindən söhbət getmir. Bunlar uydurma hədislər və ayələrin səhv tərcüməsindən qaynaqlanır”.

E.Miri qeyd edib ki, dindən dönənin öldürülməsi ilə bağlı bir ayə də yoxdur: “Gerçək islamda baş kəsmək kimi cəza da yoxdur. Baxın, “Qurani-Kərim”in “Məhəmməd” surəsinin 4-cü ayəsi dilimizə belə tərcümə olunub: “Ey möminlər, kafirlərlə qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət onları məğlub etdikdə, kəndirlə möhkəm bağlayın”. Bu ayə digər tərcümələrdə də belə çevrilib. Amma ayəni ərəb dilində oxuyanda görürük ki, söhbət insan boynundan deyil, müharibə zamanı strateji yerdən, yüksəklikdən gedir. Ayədə ərəbcə “fadarbər rıqab” ifadəsi keçir. Bunu boyunu vurun kimi tərcümə edirlər. Halbuki ərəb dilində boyun sözü, insan boğazı “unuq” sözüdür. Ayədəki rıqab isə yüksəklikdir. Odur ki, ayə əslində belə tərcümə olunmalıdır: “yüksəkliyi, nəzarət qülləsini vurun”. “Quran”nın bu kimi bir sıra ayələri var ki, dilimizə doğru tərcümə olunmayıb. Səhv tərcümənin və uydurma hədislərin nəticəsidir ki, bu gün də islam toplumunda əl və baş kəsmək, daş-qalaq etmək kimi dində olmayan cəzalar həyata keçirilir”.