Qulu Məhərrəmli izdivac verilişlərini sərt tənqid etdi – “Bunun qarşısını almaq lazımdır!”backend

Qulu Məhərrəmli izdivac verilişlərini sərt tənqid etdi – “Bunun qarşısını almaq lazımdır!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində “Kamranla 1″ verilişində televiziya kanallarını tənqid edib.

Musavat.com xəbər verir ki, Kamran Həsənli 44 günlük savaşda şəhid olan Azərbaycan oğullarının təbliğinin aparılması gərəkdiyini deyib və bildirib ki, kanallar orta yaşlı insanları evləndirməyə xidmət etməməlidir.

Aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişinə evlilik üçün üz tutanları qınayanlara sərt cavab verib. Bu barədə o, sözügedən proqramda danışıb. “Bütün problemlərin həllində varıq, sonuna qədər. Evlənmək hər kəsin haqqıdır. Hamı ailə qurur. Biri küçədə tanış olur, biri telefonda, parkda, metroda, əvvəllər camaat hamamda tanış olurdu. Artıq efirdə iki izdivacımız olub. Kimsəsiz bir insanı damın altından çıxarıb ailə həyatı qurdurmuşuq. Pisdir? Atasını, anasını körpə yaşından itirib bu adam, arxasında kim duracaq, kim arxa çıxıb evəndirəcək onu? “Arvadım kənddə bir kişi ilə qaçıb, tapın görək haradadır?”… Bu yaxşıdır? Bu günə qədər 11 il ərzində nələrdən keçmişik, bunu mən bilirəm. Boş-boşuna danışan adamlardır. Bitdi artıq, mənə bu mövzuda heç kim heç nə deməsin”, – deyə Zaur bildirib.

Xatırladaq ki, bir neçə il öncə də Azərbaycanda da bu cür evlilik proqramları artmağa başlamışdı. Bir neçə kanallarda yayılan bu cür verilişlərə qarşı ictimaiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən tənqidlər səslənirdi. Bildirilirdi ki, bu kimi verilişlər cəmiyyətimizin parametrlərinə, milli-adət ənənələrimizə uyğun gəlmir. Yayılan iddialara görə həmin vaxt televiziyalarda evlənən cütlüklərin böyük əksəriyyəti heç bir ay keçməmiş ayrılırmışlar.

Beləliklə, səslənən sərt ittihamlar, tənqidlərdən sonra həmin proqramlar televiziyalardan yığışdırıldı.
İndi də cəmiyyətimiz tərəfindən izdivac verilişlərinə münasibət birmənalı deyil. Xüsusən də yaşlı nəslin efir vasitəsi ilə özünə “qulaq yoldaşı”, ər və yaxud arvad axtarması cəmiyyətdə qıcıqla qarşılanır.

Tanınmış tele-tənqidçi, professor Qulu Məhərrəmli bu barədə Musavat.com-a danışaraq, məsələyə öz mövqeyini bildirib:

“Çox təəssüf edirəm ki, Azərbaycan televiziya məkanlarında bu cür proqramların sayı getdikcə artır. Əvvəllər də bu cür proqramlar var idi, lakin sonra ictimai qınaq artandan, hətta parlamentdə bu məsələlər müzakirə olunandan, tənqidi notların yüksəlməsindən sonra bu proqramlar dayandırıldı.
Başa düşə bilmirəm, indi nə baş verir ki, televiziya kanalları bu tip proqramları dövriyyəyə buraxmağa başlayıb? Əlbəttə ki, bu cür proqramlar ola bilər, amma çox yüksək səviyyədə hazırlanmış halda.
Üstəlik, bu cür proqramların üzərində televiziya siyasəti qurmaq, bununla tamaşaçıları cəlb etmək, onu reklam və gəlir mənbəyinə çevirmək, hesab edirəm ki, yolverilməzdir. Bu proqramlarda həmçinin ölçülərin bir çoxu, etik qaydalar pozulur, xalqın min illər boyu formalaşdırdığı dəyərlər tapdalanır. Ona görə də hesab edirəm ki, bu verilişlərin prodüserləri, rejissorları ciddi şəkildə müəyyən ölçüləri gözləməlidirlər.

Bir vaxtlar camaat televiziyaya bir dəb kimi baxırdı, oradan bilik, həyat tərzini necə qurmağı öyrənirdi, amma çox təəssüf ki, indi televiziyalar nəinki lağlağı obyekti, həm də bir təhlükə mənbəyinə çevrilir. Bunun qarşısını almaq lazımdır”.