Qrup yoldaşı Əli Həsənov haqda: “Gecələr işləyir, gündüzlər oxuyurdu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla bağlı maraqlı məlumatlar açıqlayıb. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla bağlı maraqlı məlumatlar açıqlayıb.

 Ə.Həsənovla qrup yoldaşı olduğunu deyən Mirvari xanım bildirib ki, tələbəlik illərində komitə sədri “starosta” olub: “Biz oxuyanda rüşvət yox idi. Qrupdakı tələbələrin əksəriyyəti kimi Əli də gecə işləyib,gündüz dərsə gəlirdi. Demək istədiyim odur ki, özü min əziyyətlə təhsil alsın, nəvəsini niyə belə harın böyütsün? Nəyə görə? Səbəb nədi? Zaman, məkan, pul, vəzifəmi günahkardır?”

AFN olaraq mövzunun aktuallığını nəzərə alıb M.Qəhrəmanlıya bir neçə əlavə sual verdik.

– Deyirsiz starosta idi qrupda, adətən bu işə diribaş, el dili ilə desək, əlləm-qəlləm işləri bacaran adamları çəkirdilər, Əli Həsənov necə aparırdı özünü starosta kimi?

– Razı deyiləm. Neft-mexanika fakultəsi AZNKİ-da ən çətin fakultə hesab olunurdu. 1-ci kursda qrupda 30 nəfər idik. 16 nəfər qurtardı institutu. 12 oğlan, 4 nəfər qız. Qrupda hamı eyni imtiyazlı idi. O vaxt AZNKİ-də rüşvət yox idi .Bəlkə də olub, mən bilməmişəm. Və müəllimlə tələbə arasında “paçtalyon” rolunu icra edənə ehtiyac yox idi. Əgər belə hal olsa idi onda elə 30 nəfərin hamısı sonacan oxuya bilərdi. Əli də sadəcə starosta idi. İmtahanın, zaçotun vaxtı, hansı auditoriyada olacaq və s.

– Oxumağı necə idi? Müəllimlərlə necə yola gedirdi? 

– Müəllimlərimiz rüşvət almadığı və tələbə qarşısında gözükölgəli olmadığı üçün, müəllim tələbə məsafəsi ciddi gözlənilirdi. Əlinin isə bizlərdən fərqi onun starosta olması idi. Kimsə olmalı idi axı, elə o oldu. Yaxşı oxuyurdu. Hər halda, məndən yaxşı.

– Maddi durumu hansı səviyyədə idi? Gecə işində işləyirmiş dediyinizə görə, pullu tədbirlərə qatılırdımı? Ümumiyyətlə əyləncəyə meylli gənc idimi? 

– Əgər onun maddi durumu yaxşı olsaydı, gecələr işləyib, o ağır fakultədə oxumazdı. Sovetlər vaxtı isə tələbələrin qatıldığı əyləncələr, tələbə komitələrinin təşkil etdiyi müxtəlif tədbirlər idi.

– Necə düşünürsüz, sizcə, nəvəsinin belə harın olmasında Əli Həsənovun rolu nə qədərdir? 

– Bütün vəzifəli şəxslər bir-biri ilə qohumluq əlaqəsindədir. Hörümçək toru kimi. Ya əvvəldən, ya da ki, sonra. Hamısının da həyat tərzi eynidir. Korrupsiya, rüşvət, böyük pullar bu insanlara çox şeyi unutdurub, tərbiyə, etik normalar, başqasının hüququnu pozmamaq, insanı həyatdan məhrum etmək və s. Bunun nəticəsində bu sferada yaşayanların hamısının övladı, nəvəsi harın böyüyür. Onlar üçün 200 minlik maşının sınması, yanması, heç nədir. Ona görə ki, bu, oğurluq pula alınan maşınlardır. Əgər nəvələr,övladlar maşını kreditlə alsaydılar üstündə əsərdilər. Ən böyük səbəb isə cəzasızlıqdır!