“Qrenlandiyalılar amerikalı olmaq istəmirlər” – Baş nazir Trampa etiraz edir

“Qrenlandiyalılar amerikalı olmaq istəmirlər” – Baş nazir Trampa etiraz edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qrenlandiya ABŞ ilə sıx əməkdaşlığa can atır, lakin heç də onun bir hissəsi olmağa can atmır. Tribunainfo.az xəbər verir ki, bunu Qrenlandiyanın Baş naziri Mute Egede “Fox News” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, qrenlandiyalılar amerikalı olmaq istəmirlər: “Biz Qrenlandiyalı olmaq istəyirik. Biz həmişə NATO-nun bir hissəsi olacağıq. Biz həmişə ABŞ üçün güclü tərəfdaş olacağıq. Biz yaxın qonşuyuq. Biz son 80 ildə inteqrasiya olunmuşuq və məncə, bizim çox şeyimiz var. Gələcəkdə əməkdaşlıq təklif edirik, amma biz amerikalı olmaq istəmirik. Biz ABŞ-nin bir hissəsi olmaq istəmirik, lakin ABŞ ilə yaxın əməkdaşlıq istəyirik”.

Qrenlandiya hökumətinin başçısı deyir ki, əgər imkanları olsaydı, qrenlandiyalılar müstəqilliyə səs verərdilər: “Ancaq Qrenlandiya xalqı bizim nə vaxt müstəqil olmaq istədiyimizə özü qərar verəcək”.

O, adanın sink, qızıl, uran kimi nadir torpaq minerallarının geniş spektrinə malik olduğunu xatırladaraq, ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd edib və gələcək investisiyalara ümid etdiyini bildirib.

Məlum olduğu kimi, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp son həftələrdəki çıxışlarında Qrenlandiya və Panama kanalına nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadəni istisna etməyib.