Qolu ləğv etdirən ərəb şeyxi, topdaşıyanı təpikləyən Azar, meydana silahla girən prezident…backend

Qolu ləğv etdirən ərəb şeyxi, topdaşıyanı təpikləyən Azar, meydana silahla girən prezident…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İspaniya La Liqasında baş tutan “Rayo Valyekano”- “Sevilya” matçında yaşanan xoşagəlməz hal bir müddət futbol ictimaiyyətinin diqqət mərkəzində qaldı. Görüşdə yerli azarkeşlərdən biri “Sevilya”nın futbolçusu Lukas Okamposa, belə demək mümkünsə, barmaqla təcavüz edib. Futbolçu topu oyuna daxil edən zaman barmağını onun arxasına uzadan azarkeşlə bağlı araşdırmalar başlanılıb. Yeri gəlmişkən hər iki klub bu olayı rəsmi bəyanatla pisləyib və qanuni tədbirlər görülməsini istəyib. Ancaq bu, futbol meydanlarında baş verən yeganə maraqlı an deyil. Zaman-zaman azarkeşlər buna oxşar və hətta daha maraqlı görüntülərə şahidlik edib.
Qaynarinfo həmin anlarla bağlı məlumatları təqdim edir:
 
Hüqo Mallonun davranışı
“Espanyol”un “Selta” ilə matçında Hüqo Mallo meydanda cinsi təcavüzdə ittiham olunub. Belə ki, “Espanyol”un talismanı “Periquita” olaraq çalışan şəxs, futbolçunu meydançada ona qarşı əxlaqsız hərəkət etməkdə günahlandırıb. Ancaq məhkəmədə faktlar sübuta yetirilmədiyindən futbolçu “günahsız” olaraq bəraət alıb. Bu hadisə 2019-cu ildə baş verib.
Azarkeş Cek Qrilişi necə vurdu?
2019-cu ildə “Aston Villa”da çıxış edən Qriliş “Birmingem”lə görüşdə xoşagəlməz halla üzləşdi. Belə ki, qoldan sonra azarkeşlərdən biri meydana çıxıb və onu arxadan vuraraq yerə sərmişdi.
Küveyt şeyxinin əmri
1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında Fransa və Küveyt arasında baş tutan matçda Fransa millisinin qapısına vurulan qolu Küveyt şeyxi ləğv etdirmişdi.
Tarixin ən məşhur zərbəsi

1995-ci il yanvarın 25-də “Mançester Yunayted”in “Kristal Pelas”la matçında Erik Kantona qırmızı vərəqə ilə meydandan qovulur. Həmin vaxt meydançaya yaxın yerdə olan bir azarkeş, “Ananla birlikdə Fransaya qayıt, ey əclaf” – deməsindən sonra əsəbiləşən Kantona uçaraq azarkeşə zərbə vurmuşdu.  Bu zərbə “Mançester Yunayted”in keçmiş futbolçusuna doqquzaylıq qadağa və 120 saatlıq sosial xidmətə başa gəldi.
PAOK-un silahlı rəhbəri
2018-ci ilin Mart ayı. PAOK – AEK matçında hakim son anda meydan sahiblərinin qələbə qoluna icazə verməyib. Belədə PAOK prezidenti İvan Savvidis  futbolçularının oyundan çıxmasını tələb etmək üçün belindəki silahla meydançaya daxil olub. Məsələ o qədər ciddi olub ki, həmin vaxt Yunanıstan liqası dayandırılmışdı.
Hakim futbolçunu niyə qovdu?
2018-ci ilin sentyabrında “Nant”la PSJ-nin qarşılaşmasında maraqlı anlar yaşanıb. Bu dəfə hakimin simasında. Görüşün baş hakimi Toni Çapron “Nant”ın futbolçusu Dieqo Karlosla toqquşduqdan sonra onu ikinci sarı vərəqə ilə meydandan qovub.
Eden Azarın zərbəsi
Hər şey 2013-cü ildə “Capital One Cup”da yarımfinalın ilk oyununda “Suonsi”nin “Stemford Bridge”də “Çelsi”ni 2:0 hesabı ilə məğlub etdiyi matçda baş verdi. Qarşılaşmanın 78-ci dəqiqəsində hesab 0-0 olarkən top meydanı tərk edir və topdaşıyan oğlanın əlinə keçir. Azar topu topdaşıyandan geri almaq istəsə də, o, bundan imtina edir. Belədə Azar yerə yığdığı oğlanın qabırğasına təpik vurmaqla topu ondan geri alır. Nəticədə futbolçu qırmızı vərəqə ilə meydandan qovulur.
Azarkeşin hücumuna məruz qalan Reyna
2001-ci il martın üçündə “Barselona” La Liqa matçı üçün “Santyaqo Bernabeu”da “Real”ın qonağı idi. Həmin matç Madrid azarkeşinin və o vaxtkı “Barça”nın qapıçısı Pepe Reynanın iştirak etdiyi hərəkətlə yadda qalacaqdı. Topu oyuna daxil etmək üçün meydana çıxanda azarkeşlərdən biri tribunalara çox yaxın dayanan Reynanın kürəyinə zərbə endirmişdi.