Milli Məclisdə Ailə Məcəlləsinə yeni dəyişikliklər edilir. Dəyişikliklərdən biri də yaxın qohum evlilikləri ilə bağlıdır. Belə ki, bundan sonra yaxın qohumlarla evlilik qadağan olunacaq.
Tribunainfo.az xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qohum evliliyinin qadağan edilməsini alqışlasa da, dəstək proqramlarının olmamasından gileylənib:
“Qanunlar vasitəsilə davranış dəyişikliyinin mümkünlüyünü təbliğ edən adamam. Lakin paralel olaraq alternativlərin, yəni dəstək proqramlarının vacibliyini də həmişə vurğulayıram. Qohum evliliyi ilə bağlı qərar yaxşı ola bilər, ancaq məni qane etməyən məhz qadağaların yanında dəstək proqramlarının yada düşməməsi idi”.
Mövzu ilə bağlı ən sərt mövqeyi isə hüquqşünas Əkrəm Həsənov göstərib. O bildirib ki, heç bir sivil ölkədə belə qadağa yoxdur:
“Donor vasitəsilə süni mayalanma yolu ilə uşaqların doğulduğu ölkədə deputatlar əmi, dayı, bibi və xala uşaqlarının evlənməsinə qadağa qoymaq istəyirlər. Belə çıxır ki, qardaş bacı ilə evlənə bilər (donordan doğulan nə bilsin ki, qardaş və bacısı kimdir?), amma əmioğlu əmiqızı ilə evlənə bilməz, elə?
Yaxın qohumların ailə qurmasını mən də bəyənmirəm. Amma bu, hər kəsin öz işidir. Ailə hüququ milli mentalitetin əleyhinə getməməlidir. Heç bir sivil ölkədə belə qadağa yoxdur!
Bundansa deputatlarımız onun dərdini çəksinlər ki, selektiv abort nəticəsində doğulan oğlanların sayı qızlardan xeyli çoxdur, rəsmi nikahların sayı azalır, boşanmalar isə artır. Ailə institutu dağılır, bunlar isə ailə qurmağa məhdudiyyətlər qoymaq istəyirlər”.
Həkim-pediatr Vaqif Qarayev də qohum evliliyinin əleyhinə olanlardandır. Həkim bildirib ki, qadağa yaxşı fikirdir, ancaq bu qohum evliliyinin qarşısını ala bilməyəcək:
“Bəri başdan deyim ki, belə bir qadağanın qəbul olunacağına inamım azdır. Elə deputatlar arasında da yekdil fikir görünmür. 1-ci dərəcəli qan qohumlarından (əmiuşağı, xala, bibi, dayıuşaqları) doğulacaq uşaqlarda irsi-genetik xəstəliklərin olma ehtimalı yüksəkdir. İrsi metabolik pozğunluqlar, ağır ürək qüsurları,talassemiya, əqli və fiziki məhdudiyyətlər və s. tez-tez rast gəlinir. Ətrafınızda belə uşaqlar varsa, qohum evlilik səbəbi ilə maraqlanın. Bu barədə uzun danışıb həyəcan, təşviş yaratmaq istəmirəm.
Təbabət qadağa qoymur, amma ciddi fəsadların olacağı barədə proqnoz verir. Ona görə məsuliyyət qalır valideynlərin boynunda. Bəzən deyirlər ki, arada sevgi-məhəbbət filan olur. Onların bu hüququnu pozmaq olmaz, razılaşaq, amma ağır əqli və fiziki problemlərlə doğulacaq uşağın da normal yaşamaq hüququ var!!!
Bu uşaqlar ailəyə, dövlətə, cəmiyyətə, səhiyyə strukturlarına ağır yükdür! Valideynlərin çəkdiyi mənəvi-psixoloji iztirabdan danışmasaq yaxşıdır.
Qohumla evlənmək istəyənlər əvvəlcədən genetik müayinədən keçsələr yaxşıdır. Ancaq əlbəttə heç evlənməsələr daha yaxşıdır!
Yenə deyirəm, qanunun qəbul ediləcəyinə inanmıram. Çünki düşüncəmiz dəyişməsə heç bir inzibati qadağa bunun qarşısını ala bilməz. Bu adət(olmaz olsun!) əsrlərdi xalqımızın düşüncəsində pərçimlənib. Sağlam olun ki, dünyaya sağlam uşaq gətirəsiniz!”.
Nigar