“Qoca avtomobil”i gözləyən aqibətbackend

“Qoca avtomobil”i gözləyən aqibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekspert deyir ki, Azərbaycan nəhəng avtomobil istehsalçısı olmadığı üçün utilizasiya proqramını reallaşdırmaq asan olmayacaq. Prosesi asanlaşdırmaq, stimullaşdırmaq üçün bəzi mərhələlərdən mütləq keçməliyik. Bu mərhələləri keçdikdən sonra utilizasiya proqramına gedə bilərik. 

Azərbaycanda köhnə avtomobillərin idxalı və istifadəsi məhdudlaşdırılacaq. Bu qərar “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb. Məlumdur ki, avtomobil parkını yeniləməyə çalışsaq da, hələ ki dövriyyədə olanların əksəriyyəti istismar müddətini keçib. İnkişaf etmiş ölkələrdə ekoloji tələblərə uyğun olmayan maşınların istifadəsi məsələsinə ciddi diqqət yetirilir, ətraf mühit üçün problem yaratdıqda, istismardan çıxarılır. 2030-cu ilə qədər Azərbaycanın da təmiz ətraf mühit ölkəsinə çevrilməsi planlaşdırılır. Plana əsasən, əsas hədəflərdən biri də ekoloji təmiz avtomobillərdən istifadəni artırmaq, “qoca”ların istismarını məhdudlaşdırmaqdır. Bəs bu proses necə olacaq? Qiymət fərqi necə tənzimlənəcək? Köhnə avtomobilin istifadəsi necə məhdudlaşdırılacaq?

Dövlətin əsas məqsədlərindən biri 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, prezidentin imzaladığı 2022-2026-cı illərin sosial inkişaf strategiyası “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i əsaslandıran strategiyadır. Yəni əsas hədəf 2030-cu ildir. Bu hədəfə çatmaq üçün 2022-2026-cı illər ərzində müəyyən işlər həyata keçirilməlidir: “Azərbaycanın 2030-cu ilə qədər “yaşıl artım” və təmiz ətraf mühit ölkəsinə çevrilməsi planlaşdırılır. Bunun üçün də dövlətin qarşısında bir neçə məqsəd dayanır. Bunlardan biri Azərbaycanda ekosistemin yaxşılaşdırılmasıdır. Bunun üçün ilk növbədə atmosferə buraxılan karbon qazının miqdarının azaldılması istiqamətində konkret addımlar atılmalıdır”.

“Kredit şərtləri sadələşdirilməlidir”

Mütəxəssisin sözlərinə görə, növbəti mərhələdə ekoloji təmiz avtomobillərin rüsumlardan azad olunması tətbiq ediləcək: “Bu avtomobillər ölkəmizə idxal olunarkən rüsumlar sadələşdirilməli və vətəndaşlar üçün əlçatan olmalıdır. Ondan sonrakı mərhələ bu növ avtomobillərə verilən kredit şərtlərinin sadələşdirilməsidir. Nazirlər Kabineti yanında biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın müxtəlif alt qrupları var. Alt qruplarda mütəmadi olaraq bu mövzu ilə bağlı müzakirələr aparılır. Hətta Yol xəritəsində də 2022-ci il ərzində ekoloji təmiz avtomobillərin ölkəmizə gətirilməsi, istismarının stimullaşdırlması, elektromobillər üçün infrastrukturun yaradılması, vətəndaşlar üçün qiymətlərin əlçatan olmasının təşkil edilməsi üçün konkret bəndlər mövcuddur. Bu addımlar artıq atılır. Bu ilin əvvəlindən ölkəmizə idxal olunan ekoloji təmiz avtomobillər əlavə dəyər vergisindən azad edildi. Qiymətlər endirilib və artıq bu avtomobillərə vətəndaşların marağı artıb”.

 

 

“Heç kimin maşını əlindən alınmayacaq”

Mütəxəssis 5 il ərzində mərhələli şəkildə köhnə, yararsız avtomobillərin dövriyyədən çıxarılacağını vurğulayır: “Bu proses bir gün ərzində baş verməyəcək. Müxtəlif mərhələlərdən keçdikdən sonra burada utilizasiya proqramı həyata keçiriləcək. Bu proqram da könüllü olacaq. Ona görə də, vətəndaşlar narahat olmasınlar. Heç kimin maşını məcburi qaydada əlindən alınmayacaq”.

“Bu, vətəndaşlara sərf etmir”

E.Cəfərov bu ilin sonuna qədər ekoloji təmiz avtomobillərin kredit şərtlərinin sadələşdirilməsi ilə bağlı addımlar atılacağını gözləyir: “Bugünkü kredit şərtləri vətəndaşlara sərf etmir. Faizlər yüksəkdir. Məndə olan məlumata görə, ekoloji təmiz avtomobillər üçün ilkin ödəniş avtomobilin məbləğinin 20 faizi həcmində olacaq. Həmçinin illik faizlərin də 10-a endirilməsini təklif etmişik. Hazırda illik 15 faiz civarındadır. Vətəndaş ilkin olaraq avtomobilin məbləğinin 20 faizini əvvəldən ödəsin, daha sonra isə illik faizlər, təxminən 10 faiz civarında olsun ki, vətəndaşlar bu növ avtomobilləri rahatlıqla alıb istismar edə bilsinlər”.

Vətəndaş əmin olmalıdır ki…

Köhnə avtomobillərin utilizasiya məsələsinə gəldikdə, mütəxəssis vurğulayır ki, proqram könüllülük əsasında həyata keçiriləcək: “Vətəndaş köhnə avtomobilini könüllü qaydada utilizasiyaya verəcək, onun müqabilində müəyyən sənəd, vauçer və ya məbləğ əldə edəcək. Həmin vauçerlə Azərbaycanda fəaliyyət göstərən rəsmi avtomobil satışı şirkətlərindən avtomobil ala biləcək. Bu gün devalvasiyasından sonra dollara nisbətdə manat ekvivalentində Azərbaycanda yeni avtomobillərin qiyməti yüksəkdir. Hər vətəndaş bunu əldə edə bilmir. Avtomobilini utilizasiyaya könüllü şəkildə verən vətəndaş əmin olmalıdır ki,  o, yeni avtomobil ala biləcək”.

“Proses çətin olacaq”

Mütəxəssis vurğuladı ki, utilizasiya proqramı çətin olacaq: “Azərbaycan nəhəng avtomobil istehsalçısı deyil. Ona görə də, bizim üçün utilizasiya proqramı bir qədər çətin olacaq. Avtomobil istehsalçısı olan ölkələrdə bunları etmək daha asandır. Çünki öz istehsalları var. Bizdə isə ildə cəmi 2 min minik avtomobili istehsal olunur. Biz bu bazarı təmin edə bilməyəcəyik. Prosesi sadələşdirmək, asanlaşdırmaq, stimullaşdırmaq üçün qeyd etdiyimiz mərhələlərdən mütləq keçməliyik. Bu mərhələləri keçdikdən sonra utilizasiya proqramına gedə bilərik”.

Aygün ƏZİZ