Türkiyədə MİT qurumu xəbərdarlıq edib ki, sığınacaqlar inşa edin. Bildiriblər ki, savaş ehtimalı daha da yaxınlaşıb. Bu sizcə medianın insanları tədirgin etməsi siyasətidir yoxsa Yeni Dünya Düzəninin həqiqətən də belə bir planı varmı? Bu barədə nə düşünürsünüz? Ümumiyyətlə ölkəmizdə ictimai sığınacaqlar mövcuddurmu?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən siyasətçi-jurnalist Cavanşir Abbaslı bildirib ki, MİT-in bu xəbərdarlığı ciddi qəbul olunmalıdır.
Siyasətçinin sözlərinə görə, üzdə olmasa da arxa dəhlizlərdə, Türkiyə öz üzərində savaş ehtimalının olacağını da görür. Bu da son zamanlarda daha çox bu ilin əvvəllərindən etibarən Türkiyənin yaxın regionda baş verən İran-İsrail savaşını da unutmaq olmaz. Hesab edirəm ki, istər Rusiya-Ukrayna savaşı olsun, istərsə də İran-İsrail arasındakı savaş, eləcə də Hindistan-Pakistan və dünyanın bir sıra regionlarında gözlənilən savaş ehtimalı Türkiyəni və digər ölkələri hərəkət etməyə vadar edir. Artıq hər bir dövlət yerləşdiyi regionun müharibə ocağına çevriləcəyini yaxşı görür. Türkiyə və bir çox ölkə savaşa girə bilər. Onların da başında təbii ki, İsrail gəlir. Çünki Türkiyə-İsrail münasibətlərinin hansı həddə olduğu hər birimizə məlumdur. Bir gecədə İrana hücum edən İsrail, istisna etmirik ki, bir səhər Türkiyəyə də zərbələr endirə bilər. Hazırda dünyada hegemonluq siyasəti aparılır. Rusiyanın Ukrayna üzərində hegemonluq cəhdləri, Amerikanın İsrail vasitəsilə bir sıra ölkələrdə hegemon olmaq cəhdləri onu göstərir ki, dünya gələcəkdə artıq yeni savaşlara hazırlaşır. Düşünürəm ki, burada insanları tədirgin etmək kimi məqsəd yoxdur. Heç bir ölkə savaşdan sığortalanmayıb. Çünki durmadan dövlətlərin maraqları artır. Xüsusilə də iri güclərin bir sıra regionlarda maraqları artıb. Və bu da maraqların toqquşmasına səbəb olur. Nəticədə də hərbi qarşıdurmalar həddinə çata bilir.
Sığınacaqlara gəldikdə isə hər bir ölkədə gizli də olsa sığınacaqlar mövcuddur. Çünki hər bir dövlət gələcək savaşa hazır olmaq üçün bu tipli sığınacaqlar yaradır. Çünki savaş olarsa, sığınacaqlarda insanların yerləşməsinin mühüm amillərdən olmasını bilir. Azərbaycanda üzdə görünməsə də kifayət qədər sığınacaqlar mövcuddur. Sadəcə olaraq bu cür sığınacaqların təbii ki, açıq formada nümayiş etdirilməsi mümkün deyil. Heç bir dövlət də buna getməz.
Dəniz Pənahova