QIZMAR GÜNƏŞ ALTINDA SAXLANILAN TƏHLÜKƏ… AQTA İSƏ MARAQLANMIR, TƏDBİR GÖRMÜR…

QIZMAR GÜNƏŞ ALTINDA SAXLANILAN TƏHLÜKƏ… AQTA İSƏ MARAQLANMIR, TƏDBİR GÖRMÜR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Plastik qutularda qablaşdırılmış qazlı içkilər anbarlardan mağazalara daşındıqdan sonra günlərlə, hətta həftələrlə mağaza, marketlərin qarşısında açıq havada, günün altında saxlanılır. Günəşin bir başa təmas etdiyi, qablaşdırması plastik olan bu içkilərin 35-40 dərəcə temperaturda tərkibi də dəyişir, keyfiyyəti də itir. Diqqət etsəniz, qablaşdırmanın üzərində saxlama şəraiti qeyd edilir. Buna hansı mağaza, market nəzarət edir? Nəzarət etməli olan Azərbaycan Qida Təhlüksizliyi Agentliyi isə ümumiyyətlə bu məsələ ilə maraqlanmır.

Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isti yay günlərində açıq havada günəş altında günlərlə saxlanılan içkilərlə bağlı danışarkən deyib. E. Hüseynov bildirib ki, AQTA bu gün malların təhlükəsizliyini təmin edir, keyfiyyət məsələsi ilə ölkədə heç bir qurum məşğul olmur:

“Məhz bu səbəbdən nəzarətsizlik baş alıb. Marketlər, mağazalar saxlanma qaydalarına riayət etmir. Xüsusilə qazlaşdırılmış, rəngli, içərisində dadvericisi olan bu cür sular arzuolunmazdır. Axşam sərində, gündüz isə günün altında dəfələrlə müxtəlif temperatura məruz qalır. Plastik qablaşdırmanın tərkibində olan kimyəvi elementlər suya miqrasiya edir. Bu cür sular insanları tədricən zəhərləyir. Bu cür sualardan insan birdəfəlik zəhərlənmir. Ancaq insan orqanizminə ciddi təsir edir və tədricən zəhərlənmə halı yaşanır. Bu da gələcəkdə müxtəlif pis xəstəliklərin yaranmasına təkan verir.

AQTA-nın əsasnaməsində göstərilir ki, bütün qida məhsulları soyuq zəncir üzrə istehlakçının süfrəsinə çatdırılmalıdır. Yəni, tarladan, fermadan marketə qədər soyuq zəncir üzrə gəlməlidir, temperatur dəyişikliyinə məruz qalmamalıdır. Ancaq biz dəfələrlə şahidi olmuşuq ki, soyuq zəncir prinsipi pozulub. Təəssüf ki, bu cür qidalar, içkilər süfrəmizi bəzəyir, orqanizmimizi isə məhv edir. Yaxşı olardı ki, AQTA buna ciddi nəzarət etsin. Ancaq hər kəs şahiddir ki, nəzarət olunmur, problem olduğu kimi qalır. Ona görə də istehlakçılar özləri mümkün qədər diqqətli olmalıdır”.