Son günlər qızılca xəstəliyinə yoluxma hallarının artması, ağırlaşmaların müşahidə edilməsi ilə bağlı məlumatlar çoxalıb. Mütəxəssislər hesab edir ki, uzun illərdir bu xəstəliyə yoluxmanın baş vermədiyi halda son 2-3 ildir xəstəliyin artmasının səbəbləri var.
Tribunainfo.az xəbər verir ki, pediatrların fikrincə, son illər qızılca peyvəndindən imtinanın nəticəsidir ki, hazırda bu xəstəlik yayılır. Həkimlər bildirir ki, əvvəl peyvənddən imtina edən yox idi, bütün uşaqlar peyvəndin iki dozası da olunurdu. Məhz bu səbəbdən də uzun illər idi ki, bu xəsəlik tamamilə yoxa çıxmışdı. Son 3 ildir xəstəliyin yenidən yayılmasına səbəb ailələrin peyvənddən kütləvi şəkildə imtinasıdır.
“Uşaqların əksəriyyəti qızılca peyvəndinin 1-ci dozası olunub. Bu bir yaşda vurulan peyvənddir. İkinci doza isə 6 yaşdan sonra vurulur ki, ailələrin çoxu bu dozadan imtina edir. Peyvənddən imtinalar bu qədər artmasaydı yoluxma da indi bu cür baş qaldırmazdı” deyə, pediatrlar bildirib.
Yaranmış vəziyyətlə əlaqədar TƏBİB bütün regionlar üzrə qızılca xəstəliyinə yoluxmanın nəzarət altında olduğunu bildirib.
Qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib. Sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir.
Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır.