“Vergi müfəttişlərinin təzyiqlərinin daha çox artmasının səbəbi vergi öhdəliklərinin artması ilə bağlıdır”
“Vergi müfəttişlərinin təzyiqlərinin daha çox artmasının səbəbi vergi öhdəliklərinin artması ilə bağlıdır”
TİA.AZ “Yeni Müsavat”ın iqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu ilə müsahibəsini təqdim edir:
– Qubad bəy, bir müddətdir ki, ölkədən kənardasınız… Prosesləri izləmək imkanınız olurmu? Xaricdən baxanda Azərbaycan iqtisadiyyatı necə görünür?
– Həm Azərbaycanda, həm də xaricdə olarkən ölkədə gedən prosesləri hər zaman diqqətdə saxlayıram. Xüsusilə də siyasi və iqtisadi sferada baş verənlər mənim üçün çox əhəmiyyətlidir. Xaricdən baxanda Azərbaycan iqtisadiyyatında pozitiv meyllər görünmür. Azərbaycanın beynəlxalq bazarlarda, beynəlxalq ticarətdə, beynəlxalq maliyyə siyasətində yeri yoxdur. Bu da Azərbaycan iqtisadiyyatının beynəlxalq inteqrasiya göstəricisinin zəif olması olması ilə əlaqədardır. Digər tərəfdən də Azərbaycan iqtisadiyyatı iki ildir ki, böhrandan çıxa bilmir. Tənəzzül davam edir. Düzdür, bəzi sahələrdə cüzi pozitiv dəyişikliklər var. Ancaq təəssüflər olsun ki, onlar qısamüddətli xarakter daşıyır və iqtisadiyyatı tənəzzüldən çıxarmaq gücündə deyil. Hətta bu ilin əvvəlində də Azərbaycan iqtisadiyyatında artım müşahidə olunmuşdu, yenidən tənəzzüllə əvəzləndi. Əsas problem odur ki, iqtisadiyyatda sistemli, hədəflənmiş və əlaqələndirilmiş siyasət həyata keçirilmir. Ona görə də, Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxa bilmir. Təəssüflər olsun ki, bu tənəzzülün davamlı olması iqtisadiyyat üçün vacib olan bir sıra institutları da sıradan çıxarır, eləcə də işgüzar aktivliyə mənfi təsir göstərir, həm əhalinin alıcılıq qabiliyyətini aşağı salır, həm də iki ildir ki, davam edən ikirəqəmli inflyasiya qiymətlərin daha da bahalaşmasına gətirib çıxarır. Nəticədə bütün bunlardan daha çox sahibkarlar və istehlakçılar əziyyət çəkir.
– Yaşadığınız ölkədə Azərbaycan hansısa məhsulu ilə tanınırmı? “Made in Azerbaijan” brendinə rast gəlirsinizmi?
– ABŞ böyük ölkədir. Mən yaşadığım və səfər etdiyim yerlrərdə Azərbaycanın hansısa məhsulu ilə rastlaşmamışam. Düzdür, Vaşinqtonda olanda məlumat aldım ki, bəzi region üzrə ixtisaslaşmış mağazalarda Jalə suları, bəzi kompotlar satılır. Bu da ABŞ bazarına kiçik partiyalarla gətirilir, kütləvi olaraq ixracdan söhbət getmir. Belə məhsualların xüsusi mağazalarda satışı təşkil olunur. “Made in Azerbaijan” brendini ABŞ-ın pərakəndə satış ticarət şəbəkələrində görmək mümkün deyil. Burda malların çeşidi kifayət qədər çoxdur, çox müxtəlif ölkələrdən məhsullar idxal olunur. Ancaq onların arasında Azərbaycan istehsalı olan məhsula rast gəlmək mümkün deyil. Mən buna texniki və fərdi məsələ kimi baxmaq istəməzdim. Fikrimcə, Azərbaycanın iqtisadiyyatında ciddi dəyişikliklər etmək, ölkəni böhrandan çıxartmaq üçün ilk növbədə etiraf olunmalıdır ki, ölkədə böhran var və böhrandan çıxış nöqtəsini müəyyənləşdirib, oradan iqtisadiyyatın bərpa proqramını hazırlamalıdır. Bərpa ona görə deyirəm ki, iki ildir iqtisadiyyatımız itkilərlə üzləşir, biz ilk növbədə həmin itkiləri bərpa etməliyik. Ötən il iqtisadi geriləmə 3,8 faiz olub, bu ilin 9 ayı ərzində 1 faizə qədər tənəzzül də onun üzərinə gəlib. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı 2015-ci illə müqayisədə təxminən 5 faiz kiçilib. İlk növbədə, milli iqtisadiyyatı 2015-ci il səviyyəsinə çatdırmalıyıq. Bunun üçün də iqtisadiyyatın bərpa dövrü başlamalıdır. Onu 2015-ci il səviyyəsinə qaldırmaq üçün gələn ilin iqtisadiyyatında ən azı 5 faiz artım müşahidə olunmalıdır. Bundan savayı da itkilərimiz var. Məsələn, ötən il dövlətin sərmayələri 261 faiz, kredit qoyuluşları 13,4 faiz, qeyri-neft ixracatı 17,8 faiz azalıb. Göründüyü kimi, bərpa müxtəlif sahələr üzrə getməlidir. İqtisadiyyatın qidası sərmayədir. İlk növbədə ölkəyə sərmayə qoyuluşunu bərpa etməliyik, bu isə yalnız daxili mənbələr hesabına təmin edilə bilməz, mütləq xarici investisiyalara yol açmalıyıq.
– Bu günlərdə sahibkarlıq obyektlərinə yoxlamalar 4 illik dayandırıldı. Bunu necə dəyərləndirirsiniz? Bir məqam da var ki, bunun müqabilində sahibkarların vergi yükü artırılır.
– Yoxlamaların dayandırılmasını müsbət qiymətləndirirəm. Amma hesab edirəm ki, tənəzzül dövründə sahibkarların vergi yükünün artırılmamaldır. Hətta onun obyektiv səbəbləri olsa da belə bu siyasət ziyanldır. Obyektiv səbəb kimi dövlət büdcəsinin kəsirinin artmasını, büdcə mədaxilinin formalaşmasında əsas yükün neft sektorundan qeyri-neft sektorunun üzərinə qoyulmasını, eləcə də təzəcə imzalanmış Azəri-Çıraq-Günəşli yatağının istismarı üzrə yeni sazişin tətbiqindən sonra neft sektorundan dövlət büdcəsinə daxilolmaların azalacağını göstərmək olar. Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti 2014-cü ildən başlayaraq dövlət büdcəsinə ödəmələrini hər il azaldır. Bununla yanaşı digər neft şirkətlərindən daxilolmalarda da da azalma müşahidə olunur. Bunun da obyektiv səbəbləri də var, dünya bazarında neftin qiyməti ucuzlaşıb. Birinci kontrakt artıq dayandırılıb, hansı ki, həmin saziş çərçivəsində mənfəət nefti bölüşdürülərkən vergi öhdəliyi yaranırdı. Mənfəət neftini əldə edən şirkətlər də 25 faiz mənfəət vergisi ödəyirdilər. Yeni kontrakt imzalanıb, yeni mərhələ başlayıb, bu mərhələdə ümumiyyətlə mənfəətdən neftindən danışmağa dəymir. Çünki şirkətlər bir müddət çəkdikləri məsrəfin geri qaytarılması ilə məşğul olacaqlar. Burda da ciddi vergi öhdəlikləri yaratmır. Ona görə də bu il və gələn xarici neft şirkətlərinin konsorsiumundan daxil olmalarda azalma müşahidə olunacaq. Amma bütün bu itkiləri qeyri-neft sektorunun hesabına kompensasiya etmək siyasəti yalnışdır. Hesab edirəm ki, vəziyyətdən çıxış üçün ilk növbədə büdcə şəffaflığı və hesabatlılığı artırılmalı, büdcə prosesində parlamentin və Hesablama Palatasının daha aktiv xərclərdə rasionallaşdırma və səmərlilik göstəricilərinin yaxşılaşdıırlması ola bilər. Bu halda hətta Dövlət Neft Fondundan büdcəyə transfertləri də artırmaq olar. Əgər həmin pullar şəffaf və səmərəli xərclənəcəksə mən onun əleyhinə deyiləm. Hesab edirəm, tezliklə neft pullarının istifadəsini tənzimləmək üçün fiskal qaydalar qəbul eilməlidir. Bu qaydalar gec olsa da olmamağından daha yaxşıdır. Əslində bu qaydalar neft gəlirləri ölkəyə gəlməmişdən əvvəl hazırlanmalı və çoxdan tətbiq olunmalı idi. Sahibkara gəlincə o azad olmalıdır. Onun azadlığı da iqtisadiyyatda liberallaşdırmadan, mərkəzsizləşdirmədən və dövlətin rəqabətə dəstəyindən asılıdır. Biz də isə Rəqabət Məcəlləsi 10 ilə yaxındır ki, parlamentdədir, hələ də qəbul olunmur.
– Sahibkarlara vergilərlə bağlı təzyiqlərin artması real sektora necə təsir edə bilər?
– Vergi müfəttişlərinin təzyiqlərinin daha çox artmasının səbəbi qeyri-neft sektorundan vergi öhdəliklərinin qeyri-real artırılması ilə bağlıdır. Belə olan halda digər dövlət orqanlarının sahibkarlıq obyektlərində yoxlamalarının dayandırılması o qədər də effekt verməyəcək. Sahibkarların əsas öhdəlikləri vergi öhdəlikləridir. Həmçinin bu ilin 1-ci rübündə vergi borclarının amnistiyasından sonra sahibkarlara daha azad və əlverişli şəraitdə fəaliyyət mühiti yaradılmaldı idi. Ancaq çox təəssüf ki, vergi borclarının amnistiyasından sonra vergi yoxlamalarının və təzyiqləri bir az da artıb. Belə olanda da sahibkarlar yenidən vergi sanksiyaları və cərimələrlə üzləşəcək və amnitsiyadan əvvəlki vəziyyət bərpa olunacaq. Sahibkarlar da bu halda fəaliyyətini məhdudlaşdırmaqla və ya dayandırmaqla vəziyyətdən çıxış yolu axtaracaqlar. Bəzi sahibkar belə olan halda kapitalını ölkədən çıxaracaqlar. Ötən il Azərbaycanda qeyri-neft sektoruna 1,7 milyard dollarlıq vəsait qoyulsa da, ondan 700 milyon dollar çox vəsaiti -2,4 milyard dolları azərbaycanlı sahibkarlar Gürcüstan və MDB məkanında yerləşdiriblər. Düzdür burada dövlətin də vəsaitləri var. Ancaq xaricilərin Azərbaycana qoyduğu vəsaitdən daha çox, azərbaycanlılar xaricdə vəsait yatırırsa, deməli daxili biznes mühiti ilə bağlı ciddi düşünmək və təhlil etmək üçün əsaslar vardır. Səbəb sadədir ölkədə əlverişli biznes mühiti olmadığından hələ də kapital xaricə axmaqda davam edir və yaxud ixrac olunan malların satışından əldə olunan valuta gəlirləri geri qayıtmır.
– Azərbaycanda ət və yağın bahalaşması gündəmdədir. Xaricdə də bu tendensiya nə dərəcədə müşahidə olunur? Sizcə qiymətləri hansı yolla nisbətən optimallaşdırmaq olar?
– Azərbaycan ərzaq bazarının bir fərqli xüsusiyyəti də ondan ibarətdir ki, çox da çeşidlənməyib. Burada müxtəlif qiymət və keyfiyyətdə olan malların təqdimatına rast gəlmək mümkün deyil. Xüsusilə də ət bazarında bir neçə adda məhsul təklif olunur, onların qiyməti də bir-birinə yaxındır. Eyni vəziyyəti yağ bazarında da müşahidə etmək mümkündür. Baxmayaraq ki, bu bazarda idxal mallar daha çoxdur. Ancaq istənilən halda Azərbaycanda ərzaq bazarının həm keyfiyyətinə, həm də qiymətinə görə, fərqli təkliflərlə rastlaşmaq mümkün deyil. Xaricdə isə vəziyyət başqadır, məsələn ABŞ-da çox müxtəlif keyfiyyətdə olan məhsullar təklif olunur, qiymətlər də ona bağlıdır. Hər bir alıcı qrupu öz imkanına, alıcılıq qabiliyyətinə uyğun olaraq məhsul və xidməti seçmək imkanına sahib olur. Bu həm də alıcılara seçim imkanı verən bir satış siyasətidir. Qiymətlərin optimallaşması üçün ilk növbədə monopoliya aradan qaldırılmalıdır. Xüsusilə də idxalda mal və məhsulların gömrük dəyərinin düzgün müəyyənləşdirilməsinə nail olmaq lazımdır. Gömrük dəyəri bəzi məhsular üzrə şişirdilir, bəziləri üzrə endirilir, bu da qiymət rəqabətinə mənfi təsir göstərir. Bir qrup məhsullar gömrük qeydiyyatına alınmır. İdxal olunan məhsulların qiyməti ilə pərakəndə satışda olan məhsulun qiyməti arasında böyük fərq var. Bunu yaradan əsasən inhisarçı şirkətlərdir, onlar istədikləri qiymətləri bazarda diqtə edə bilirlər. Ona görə də bu iki qiymət arasında fərqi aşkara çıxaran monitorinqlər aparılmalıdır. İdxal malları ilə pərakəndə satış qiymətləri arasındakı fərqi yaradan səbəblər araşdırılmalıdır. Bu yolla Azərbaycanda idxal mallarının qiymətini optimallaşdırmaq mümkündür.
– Qubad bəy, sosial şəbəkədəki paylaşımınızda da bu məsələyə toxunmusunuz. Bank sektorunun əsas problemlərindən biri olan problemli kreditlərin həcmi artıb. Bunun ən optimal yolla həlli nədir?
– Həqiqətən də problemli kreditlər bank sektoru, maliyyə bazarları və bütövlükdə iqtisadiyyatımız üçün problem yaradır. Vaxtı keçmiş borclar kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatı da ötüb. Məqsədli ehtiyatlar 1 milyard 635 milyon 700 min manatdır, problemli kreditlərin həcmi isə artıq 2 milyarda yaxınlaşır. Bu da vaxtı keçmiş kreditlər üzrə vəziyyətin böhranlı səviyyədə olmasını deməyə əsas verir. Bütövlükdə bankların risk portfelində 30 gündən artıq müddətdə qaytarılmayan borclar cəmi kreditlərin yarısından da çoxdur. Bu bankların faiz gəlirlərinin aşağı düşməsinə, mənfəətinin azalmasına gətirib çıxaracaq. Bu vəziyyət çox davam edə bilməz. Çünki həm banklar, həm də müştərilər üçün ciddi problem yaranıb, onların arasındakı münasibətlər gərginləşib. Bu münasibətlər yalnız məhkəmə müstəvisində həll oluna bilməz. Məhkəmə müstəvisinə artıq kreditorlaırn 15 faizə qədəri cəlb olunub. Burada da kütləvi rüşvət yığma prosesi müşahidə edilir. Həm məhkəmədə, həm də məhkəmə qərarlarının icrasına nəzarət edən qurumlar demək olar ki, vaxtı keçmiş borcların qaytarılması prosesindən faydalanan əsas dövlət strukturlarına çevrilib. Borclar probleminin yaratdığı belə yan təsirləri də nəzərə almaq lazımdır. Ona görə də mütləq Maliyyə Bazarlarına Nəzarət Palatasının müdaxiləsinə ehtiyac var. Təxirəsalınmaz tədbirlərə əl atılmalıdır, bank bazarı liberallaşdırılmaldır, bank kapitalının konsolidasiyası siyasəti davam etdirilməlidir. Hal-hazırda 31 bank var, bu da çoxdur, bankların sayı azaldılmalıdır. Bankların təmərküzləşməsi ilə onların fəaliyyətinin daha müasir korporativ standartlarla idarə olunmalıdır. Vaxtı keçmiş kreditlərə gəlincə, onları geri almaqla və ya onların satış bazarını formalaşdırmaqla bankları və müştəriləri hazırki çətin durumdan çıxartmaq iqtidarında olan iki qurum var: Biri Maliyyə Bazarlarına Nəzarət Palatası, digəri isə Mərkəzi Bankdır. Həmçinin Parlament də öz növbəsində bu problemin həlli üçün müəyyən hüquqi əsaslar yaratmalıdır. Xüsusən də “Fiziki şəxslərin müflisləşməsi haqqında” qanun qəbul olunmalıdır. Bu qanun aztəminatlı şəxslərin borc probleminin həllində mühüm rol oynaya bilər. Əks təqdirdə borc problemi daha da mürəkkəbləşəcək, nəinki bankları və maliyyə institutlarını, bütövlükdə iqtisadiyyatı daha çətin duruma salacaq.
– Gələn il üçün dolların manata qarşı bahalaşacağını gözləyirsinizmi?
– Bəli, dolların manata qarşı bahalaşacağını gözləyirəm. Bu zamana və şəraitə bağlı məsələdir. İndiki şərtlər daxilində Mərkəzi Bankın və Neft Fondunun müdaxilələri olmasaydı, başqa vəziyyət müşahidə edilərdi. Mərkəzi Bank hazırda dolların məzənnəsinin sabit saxlanılması üçün mümkün resurslarından istifadə edir. Eyni zamanda dünya bazarında neftin qiymətində cüzi də olsa bahalaşmanın müşahidə edilməsi Mərkəzi Bankın bu istiqamətdəki fəaliyyətinə kömək edir. Ümumiyyətlə dolların manata qarşı bahalaşması üçün əsaslar çoxdur.
– Yəni, dünya bazarında dollar bahalaşa bilərmi? FED-in qərarı necə olacaq? ABŞ hökuməti ucuz yoxsa bahalı dollarda maraqlıdır?
– Dollar indeksi son 33 ayın minimum səviyyəsinə enib. İlin sonuna doğru dollar indeksinin artacağı gözlənilir. Dolların indeksi altı aparıcı ölkənin valyutaların səbəti əsasında formalaşan bir indeksdir. FED bu ilin sonunda qərar verəcək. Bu qərar böyük ehtimalla faiz dərəcələrinin qaldırılması ilə nəticələnəcək. FED-in qərarı da bütövlükdə dünya bazarında dolların bahalaşmasına təsirsiz ötüşməyəcək. Azərbaycan bazarı dünya bazarına inteqrasiya etməyib, əlaqəsi çox zəifdir. Ola bilər ki, FED-in qərarının, dollar indeksinin yüksəlməsinin manatın məzənnəsinə birbaşa təsiri zəif olsun. Ancaq təkrar qeyd edim ki, ilin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq. Çünki həm Dövlət Neft Şirkətinin , həm bankların , böyük şirkətlərin, xüsusilə də iri dövlət şirkətlərinin xarici kreditorlar qarşısında borc öhdəliklərini yerinə yetirməsi vaxtıdır. Bu baxımdan valyuta bazarında dollara tələbin artması gözlənilir. Bu artım dövründə çox şey Mərkəzi Bankın yanaşmasından asılıdır, kursu indiki səviyyədə də saxlaya bilər, manatın ucuzlaşmasına yönələn dəyişikliklə də davam etdirə bilər. Növbəti ilin Azərbaycanda seçki ili olduğunu nəzərə alsaq, mümkündür ki, Mərkəzi Bank da, Maliyyə Bazarlarına Nəzarət Palatası da manatın məzənnəsini indiki səviyyədən çox kənarlaşmasına imkan verməsin.