Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havalar soyuyanda, qış fəsli yaxınlaşanda orqanizmin müqavimət qüvvəsi zəifləyir. Ona görə də havalar soyuyana qədər vitaminlərlə zəngin olan qidalar qəbul etmək, orqanizmin müqavimətini gücləndirmək və immuniteti artırmaq lazımdır.

 

Havalar soyuyanda, qış fəsli yaxınlaşanda orqanizmin müqavimət qüvvəsi zəifləyir. Ona görə də havalar soyuyana qədər vitaminlərlə zəngin olan qidalar qəbul etmək, orqanizmin müqavimətini gücləndirmək və immuniteti artırmaq lazımdır.

Publika.az bildirir ki, Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Rəhimov bu barədə Azərtac-a deyib: “Qida rasionuna daxil olan bir sıra məhsullar müntəzəm qəbul ediləndə immuniteti gücləndirmək xüsusiyyətinə malikdir. Hər gün süd, kefir, yoqurt, təbii kəsmik və digər ağartı məhsulları qəbul etmək, onların az və ya orta dərəcədə yağlılığı olanları seçmək daha arzuolunandır. Kərə yağından tamamilə imtina etmək olmaz – məsələn, hər səhər kərə yağı ilə olan buterbrodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı üsul sayılır. Son araşdırmalar nəticəsində müəyyən edilib ki, gün ərzində 150 qram kefir və ya bifidobakteriyalarla zənginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə ilə xəstələnmə riskini azaldır. Həmin məhsulların təsirindən orqanizmdə viruslarla mübarizədə aktiv şəkildə iştirak edən interferonun səviyyəsi daha da artır.

Lobya bitki mənşəli məhsullar içərisində ən aktiv immunomodulyator, yəni immuniteti stimullaşdıran və möhkəmləndirən maddələrlə zəngin tərəvəzdir. Həm qabıqlı, həm də təmizlənmiş lobyanın tərkibində orqanizmdə interferonun yaranmasına kömək edən çoxlu maddələr var.

Brokkoli, gül kələm, baş kələm, Brüssel kələmi, ağ turp kimi bitkilər betakarotin maddəsi ilə zəngindir. Betakarotin selikli qişaları, xüsusən də ağciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.

Qida rasionuna bildirçin yumurtalarının daxil edilməsi immunitet üçün xeyirli hesab olunur. Tərkibindəki A, B qrupu vitaminləri və mikroelementlərin miqdarına görə bildirçin yumurtası toyuq yumurtasını bir neçə dəfə üstələyir, orqanizmdən radionukleidlərin xaric olunmasına kömək edir.

Sarımsaq, soğan, qıtıqotu kökünü tərkibi xeyli miqdarda fitonsidlərlə zəngindir. Fitonsid maddələr immunitetin yüksəldilməsi üçün ən güclü məhsullar hesab olunur.

İmmunitetin gücləndirilməsində dəniz məhsulları -balıq, krevet və s. böyük rol oynayır. Qızıl balıq, ton və digər balıqlarda orqanizm üçün faydalı hesab edilən maddələr – Omeqa-3 yağ turşuları və s. var. Dəniz yosunları qanda xolesterinin miqdarını azaldır, toksinləri neytrallaşdırır və immuniteti yaxşılaşdırır. Onları tərəvəz və göyərtilərdən hazırlanmış təzə salatlara da əlavə etmək olar.

Badam immun sisteminin optimal şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan amin və yağ turşularının ən yaxşı təbii mənbələrindən biridir. Qəbul edilən qidaların tərkibində yarmaların- qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və s. olması, zərərli kimyəvi, radioaktiv maddələr və şlakların orqanzimdən xaric olmasına, immunitetin möhkəmlənməsinə kömək edir.

Emal olunmamış taxıl və dənli bitkilərin tərkibindəki qida maddələrinin miqdarı emal olunanlarla müqayisədə qat-qat artıq olur. Bal, arı südü, arı tozu və propolis təbii immunostimulyatorlar sayılır və onlardan müntəzəm istifadə edilməsi yaxşı nəticə verir.

Limon, portağal, naringi, kivi, itburnu, cəfəri, şüyüd, duza qoyulmuş kələmin tərkibində olan çoxlu miqdarda askorbin turşusu orqanizmi infeksiya, soyuqdəymə və digər zərərli faktorların təsirindən qoruyur. İtburnu və cökə çayı orqanizmə daxil olan antigenlərə qarşı anticisimlərin hazırlanmasını sürətləndirir və tam dəyərli immun hüceyrələrinin hazırlanmasına zəmanət verir”.