Qış parkının yeraltı keçidlərində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yerləşdirilmiş eskalatorlar illərdir ki, çalışmır. Parkın daxilində 10-a yaxın eskalator var və heç biri işlək vəziyyətdə deyil. Keçidlərdə mağaza işlədənlərin verdiyi məlumata görə, illər öncə bu eskalatorlara su daxil olduğuna görə fəaliyyətdən dayanıblar: “Hərdən gəlib yoxlayıb, gedirlər. İllərdir ki, vəziyyət belədir: heç biri çalışmır. Səbəb kimi onu deyiblər ki, daxili mexanizminə su sızdığına görə nasazlıq yaranıb, ona görə də işləmirlər” – yaxınlıqda çalışanlar bildirib.
Bizimyol.info xəbər verir ki, Heydər Əliyev Sarayı yaxınlığındakı altı eskalatorun, eyni zamanda Mərkəzi Bank qarşısındakı səkkiz eskalatorun demək olar heç biri işlək vəziyyətdə deyil. İşləyənlərin də biri işləyir, digəri dayanıb. Vəziyyət 2018-ci ildən bəri dəyişilməyib.
Bakı Şəhər İcra Hakimiyyəti problemdən xəbərdar olsa da, illər ərzində heç bir zəruri tədbir görülməyib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də altı il öncə Füzuli küçəsində yerləşən və bu qurumun balansında olan eskalatorların hissələrini sifariş verdiyini bildirsə də, nə hikmətdirsə, bu hissələr 6 ildir ki, çıxdıqları yolu bitirə bilmirlər.
Məlumat üçün qeyd edək ki, Füzuli küçəsi Qış parkını da əhatə edir. Ancaq hal-hazırda bu parkın yeraltı piyada keçidlərindəki eskalatorlar artıq eksponata çevrilib.
Dia-az.info xəbər portalı Qış parkında fəaliyyətini “dayandıran” ekskalatorlarla bağlı görüntünü təqdim edir: