Qırğızıstanda respublikanın himninin mətni dəyişdiriləcək.
Tribunainfo.az xəbər verir ki, Qırğızıstan parlamentinin Mətbuat xidməti məsələ ilə bağlı qurumlararası komissiyanın yaradıldığını açıqlayıb.
Həmin komissiyanın himnin yeni mətni ilə bağlı üç variant seçəcəyi və bu variantların nəzərdən keçirilməsi üçün parlamentə təklif ediləcəyi gözlənilir.
Qeyd edək ki, Qırğızıstan himinin mətninin dəyişdirilməsini oktyabr ayında parlamentin spikeri Nurlanbek Şakiyev təklif edib. Bu zaman ölkə prezidentinin mətbuat katibi Askat Alagözov Şakiyevin açıqlamasını şəxsi fikir kimi qəbul etməyi tövsiyə edib.
Lakin daha sonra Qırğızıstan Prezidenti Sadır Japarov himnin mətninin dəyişdirilməsi ilə bağlı təklifi dəstəkləyib: “Hazırkı himn 33 il əvvəl, biz azadlıq əldə etdikdə və müstəqilliyimizi qazandıqda yazılıb. O zaman himn bizim artıq azad olduğumuzu, müstəqil dövlət olduğumuzu ifadə edərək sevinc və həyəcanla yazılıb. Himni dəyişdirsək, yaxşı olardı”.
Yeni himnin 2025-ci ilin aprelinə qədər qəbul edilməsi gözlənilir.
Onu da xatırladaq ki, Qırğızıstan himni 1992-ci il dekabrın 18-də respublikanın Ali Şurasının qərarı ilə təsdiq edilib.