QHT Şurası 2017-ci il qrant müsabiqəsini elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün qrant müsabiqəsi elan edir.  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün qrant müsabiqəsi elan edir. 

Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında qeyd edilir:
– Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
 Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq  aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir:
1) İnsan hüquqlarının müdafiəsi və demokratiya məsələlərinə dair təşəbbüslər;

2) Açıq hökumətin təşviqi və korrupsiyanın qarşısının alınmasına dair məsələlər;
3) Mətbuatda, sosial mediada və ictimai həyatda milli-mənəvi dəyərlərin, ictimai davranış qaydalarının və etik normaların qorunmasına dair təşəbbüslər;
4) Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində xarici ölkələrdə təbliğat işlərinin aparılmasına dair təşəbbüslər;
5) Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
6) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq miqyasda təbliğat işlərinin aparılması;
7) Qaçqın, məcburi köçkün, əlil, müharibə veteranları və digər həssas qrupların sosial problemlərinin həllinə dair təşəbbüslər;
8) İctimai aktuallıq kəsb edən məsələlərlə bağlı video çarxların və sənədli filmlərin hazırlanması;
9) Narkomaniya, insan alveri və digər zərərli vərdişlərlə mübarizəyə dair təşəbbüslər; 
10) İqtisadi və sosial sahələrin inkişafına dair ictimai təşəbbüslər;
11) Aqrar sektorda və kiçik biznesdə əhalinin məşğulluğunun inkişaf etdirilməsi, bu sahədə sahibkarlığın stimullaşdırılması ilə bağlı hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi;
12) İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair təşəbbüslər;
13) Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığının qorunmasına dair təşəbbüslər; 
14) Ailə, qadın və uşaq məsələlərinə dair təşəbbüslər;
15) Məişət zorakılığına qarşı mübarizə kampaniyalarının, maarifləndirmə işlərinin aparılması və zorakılığa məruz qalan insanlara psixoloji və hüquqi yardımların göstərilməsinə dair təşəbbüslər;
16) Ümumi təhsil müəssisələrində uğurlu təhsil metodikalarının təşviqi, valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması və məktəblilərin ictimai fəallığının artırılmasına dair təşəbbüslər;
17) Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliğinə dair təşəbbüslər .
Layihələrin müddəti
Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 12 ayadək ola bilər.

Qrantın məbləği
• 2015-ci ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 12000 (on iki min) manat ola bilər. 
• 2016-cı il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.
QHT üçün tələblər

• Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
• Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
• Müvafiq qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyinə son maliyyə hesabatını təqdim etməlidir;  
• Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.

Qeyd: Müsabiqədə bədən tərbiyəsi və idman sahəsində peşəkar idman fəaliyyəti göstərən təşkilatlar istisna olmaqla bütün digər QHT-lərin iştirakı nəzərdə tutulur.
Maliyyə yardımı aşağıdakı fəaliyyətlər üçün istifadə edilə bilməz
1. Daşınmaz əmlakın satın alınması;
2. Təhsil üçün fərdi təqaüd;
3. Siyasi və dini fəaliyyət;
4. Ayrı-ayrı fərdlərə maddi yardım;
5. Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasından və ya ona riayət edilməməsindən irəli gələn cərimələrin ödənilməsi.

Layihələrin hazırlanması üçün texniki şərtlər
• İctimai əhəmiyyət kəsb edən mövzu üzrə kitab nəşrini təklif edən QHT mövzuya dair ixtisaslaşmış qurumların rəyini təqdim edir;
• Kitab nəşrini təklif edən layihənin büdcəsində çap məhsulunun həcmi və tirajının sayı göstərilir;
• Film və video çarx çəkilişini təklif edən təşkilat filmin və video çarxın ssenarisini, ona dair rəyi təqdim edir və dəqiq həcmini göstərir. Film və video çarx çəkilişi yalnız müsabiqənin 8-ci istiqaməti üzrə təqdim oluna bilər;
• Layihədə təlimlərin keçirilməsi nəzərdə tutulduğu hallarda təlimin mövzuları və təlimçilərin CV-ləri  əlavə olunur;
• Seminar, konfrans, dəyirmi masa və bu tipli digər tədbirlərin proqramı, gündəliyi, iştirakçıların sayı barədə ilkin məlumatlar layihəyə əlavə olunur; 
• Televiziya verilişləri ilə bağlı müvafiq televiziyadan razılıq məktubu təqdim edən QHT-nin layihə təklifinə üstünlük verilir.
Ərizələrin təqdim olunması üçün texniki tələblər

• QHT ilk növbədə Şuranın www.e-qht.az saytında “E-ərizə” bölməsinə daxil olaraq özünün VÖEN-ni və parolunu (azı 5 simvol) müvafiq xanalarda qeyd etməklə “Qeydiyyat” düyməsini sıxır və qeydiyyatdan keçir.
• Elektron ərizənin qeydiyyatının Şura tərəfindən təsdiqlənməsi üçün QHT elektron bazada “Təşkilat haqqında” bölməsinə daxil olur və QHT haqqında tələb olunan bütün məlumatları müvafiq xanalara əlavə etməli, həmçinin tələb edilən hüquqi sənədləri yükləməli və “Şuraya göndər” düyməsini sıxmalıdır.
• Tələb olunan qaydada təqdim olunan sənədlər Şura tərəfindən qeydə alınır, bu barədə QHT-nin elektron poçtuna, e-qht.az saytındakı mesaj ünvanına və mobil nömrəsinə SMS-lə bildiriş göndərilir.

• Yalnız elektron ərizəsi Şura tərəfindən qeydə alınmış və bu barədə müvafiq bildiriş almış QHT-lər Şuraya layihə təklifi təqdim edə bilər.
• Qeydiyyatı Şura tərəfindən təsdiqlənən QHT, layihə sənədlərini təqdim etmək üçün VÖEN və parol ilə bazaya daxil olur, “Layihələr” bölməsində əsas məlumatları və layihə sənədlərini əlavə edir. Bütün məlumatları və layihə sənədlərinin daxil etdiyinə əmin olduqdan sonra “Şuraya göndər” düyməsini sıxır.
• “Şuraya göndər” düyməsini sıxdıqdan sonra QHT bazada ona aid olan məlumatlara və layihə sənədlərinə heç bir dəyişiklik edə bilmir.
• Şəxsən və ya poçtla təqdim olunan ərizələr qəbul olunmur.  
Layihələrin qiymətləndirilmə meyarlarıTəqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Şura aşağıdakı meyarlardan istifadə edəcək:

• Müraciət edən təşkilatın irəli sürdüyü problemin Azərbaycan cəmiyyəti üçün aktuallığı, Şuranın elan etdiyi  istiqamət və mövzulara uyğunluğu;
• Təşkilatın layihəni həyata keçirmək üçün kifayət qədər səriştəyə, bacarığa və insan resurslarına malik olması;   
• Layihənin adının onun məqsəd və məzmununa uyğunluğu;
• Layihə müəllifinin qoyulan  problemi aydın təsvir etməsi və əsaslandırması; 
• Layihənin məqsədinin müəyyənliyi, konkretliyi, aydınlığı və problemin təsviri ilə uyğunluğu;
• Layihənin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi və qoyulan məqsədə çatmağa xidmət etməsi;
• Layihədə göstərilən problemin və məqsədin benefisiarlar üçün prioritet təşkil etməsi;
• Layihədə nəzərdə tutulan benefisiarlar qrupunun kifayət qədər aydın təsvir edilməsi, onların problemləri ilə tanışlıq və əvvəlki iş təcrübəsi;
• Nəzərdə tutulmuş fəaliyyətlərin layihənin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə xidmət etməsi; 
• İcra planında (təqvim planı) tədbirlərin icrası üçün müəyyənləşdirilmiş müddətlərin reallığı; 
• Gözlənilən nəticələrin layihədə təsvir edilmiş problemin həllinə təsiri; 
• Nəzərdə tutulan nəticələri əldə etmək üçün tədbirlər planının real olması və həyata keçirilməsinin mümkünlüyü;
• Təklif olunan monitorinq mexanizmlərinin layihənin əldə ediləcək nəticələrinin səmərəli qiymətləndirilməsinə imkan yaratması;
• Layihənin davamlılıq göstəriciləri; 
• Büdcənin real və ehtiyaca uyğun hazırlanması, o cümlədən  Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğu; 
• Ərizə forması, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu, habelə verilmiş məlumatların və sənədlərin doğruluğu; 
• Layihə hazırlanarkən müvafiq sahə üzrə ekspertlər və potensial tərəfdaş təşkilatlarla məsləhətləşmələrin aparması.
Ərizələrin qeydə alınmasından imtina üçün əsas  səbəblər o Elektron bazada “Təşkilat haqqında” bölməyə əlavələr yüklənmədikdə.o Əvvəlki ildə “QHT-nin illik maliyyə hesabatı”nı Maliyyə Nazirliyinə təqdim etmədikdə;  o Əvvəlki müsabiqədə Şura tərəfindən maliyyələşdirilmiş layihənin icra müddəti başa çatmadıqda;o Əvvəlki müsabiqədə qrant almış, layihənin icrası başa çatmış QHT-nin Şuraya müvafiq hesabat təqdim etmədikdə;o Əvvəlki qrant müsabiqəsi zamanı Şura ilə münaqişəli vəziyyətdə olan QHT-lərlə bağlı araşdırmaların başa çatmadıqda.  
Müsabiqənin proseduraları
Müsabiqə üzrə ərizələrin qəbulu 01 dekabr 2016-cı il tarixdən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılır:

• 1-ci mərhələ – Ərizələrin qeydiyyatı və layihə təklifinin qəbulu; Bu mərhələ 01–30 dekabr 2016-cı il saat 16.00-dək müddəti əhatə edir. Bu mərhələdə elektron ərizə və layihə təklifi qəbul edilir.
 • 2-ci mərhələ – Ərizə və layihə təkliflərinin texniki seleksiyası;Bu mərhələ 05-19 yanvar 2017-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, layihə təklifi və ona əlavə olunan sənədlər operator tərəfindən araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.  
• 3-cü mərhələ – Qeydə alınmış layihə təkliflərinin ekspertizası;Bu dövr 21 yanvar – 20 fevral 2017-ci il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndirilir. 
• 4-cü mərhələ- Şurada müzakirə və qaliblərin elan edilməsi;Müsabiqə qalibləri 2017-ci il martın 01-dən sonra elan olunacaq. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır.
Əlavə məlumatlar
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 14 dekabr 2016-cı il saat 15.00-da Şuranın ofisində (Fikrət Əmirov 1, 2-ci mərtəbə) keçiriləcək. Ərizənin elektron forması, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az internet saytlarında tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin baş məsləhətçisi Rauf Məcidbəyliyə müraciət etmək olar.    Tel /faks: (012) 493 17 80, 493 17 32 (daxili 125). E-mail: [email protected]