Azərbaycan Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi QHT-lərə birgə müraciət ünvanlayıb.
Tribunainfo.az xəbər verir ki, müraciətdə deyilir:
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Qanununa və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na əsasən, Azərbaycan Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının qrant müqavilələrinin (qərarlarının) qeydiyyatını həyata keçirir, qəbul etdiyi ianələr barədə məlumatları müvafiq reyestrə daxil edir. Qrant müqaviləsi (qərarı) bağlanıldığı (verildiyi) tarixdən 30 gündən, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə bağlanıldığı tarixdən 15 gündən, ianə isə qəbul edildiyi tarixdən 15 gündən gec olmayaraq, qeydə alınması və reyestrə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilir. Qeydə alınmayan müqavilələr, həmçinin məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun”un 12.3-cü maddəsinə əsasən terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycandakı filial və ya nümayəndəliyi qrant və ianə alarkən, habelə verərkən risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Ədliyyə Nazirliyinə təqdim edilməlidir.
Azərbaycanın Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi QHT-lərə birgə müraciət edərək, nəzərdə tutulmuş müddəti ötürməməyi, 2025-ci il aprelin 1-dək qeyd olunan maliyyə hesabatlarını təqdim etməyi tövsiyə edir”.