Axır ki, gözlənilən təhlükəli partlayış baş verdi: Qəzza müsibəti İsraillə Türkiyənin əlaqələrini yenidən pisləşdirdi. Bəlkə də hər şey buna hesablanmışdı – İsrailin Səudiyyə krallığı, Türkiyə kimi dövlətlərlə normallaşmaqda olan əlaqələri pozulsun, barışıq olmasın. Bu yaxşı perspektiv deyil. Türkiyə bizə qardaş, İsrail dost ölkədir. İndisə tərəflər yenidən burun-buruna gəliblər. Tribunainfo.az-ın təhlilinə görə, Tel-Əviv və Ankara bundan artığına getməməyə çalışacaq. Əgər gərginlik artsa, Türkiyə hərbi müdaxiləyə məcbur qala bilər. Hazırda hər iki ölkə qırmızı xətti keçmək niyyətində görünməsə də, gedişat və əlamətlər bu riskdən xəbər verir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ordusunun Qəzzada xəstəxananı atəşə tutmasını pisləyib. Qeyd olunub ki, qadınların, uşaqların və günahsız vətəndaşların olduğu xəstəxananın vurulması ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir: “Mən bütün bəşəriyyəti Qəzzada bu misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm”.
Bəli, Ərdoğan 500 nəfərin öldüyü xəstəxanaya hücumu vəhşilik adlandırıb. Bu da İsraillə əlaqələri kor dalana gətirib çıxaracaq. Sözsüz ki, Ərdoğan doğru fikir bildirib. Çünki HƏMAS terror edirsə, İsrail dövlətinin nizami ordusu özünü terrorçuya adekvat apara bilməz. Onda terror qrupu ilə sivil dövlətin fərqi nədədir?! Artıq 10 günə Qəzzada ölənlərin sayı 3 mini keçib. İsrail isə HƏMAS-ı demoralizasiya etmək adı ilə bölgəni şumlayır və dinc əhali qırılır. Azərbaycan isə bu hadisələrə görə gərginləşən İsrail-Türkiyə münasibətlərinin düzəlməsinin tərəfdarıdır. Rəsmi Bakı bu prosesə qarışmayacaq, amma vasitəçilik rolu oynaya bilər.