Astara İcra Hakimiyyəti rayonun daxili yolların əsaslı təmiri işlərini həyata keçirmək üçün tender elan edib.
Tribunainfo.az xəbər verir ki, dünən bununla bağlı nəticələr açıqlanıb.
Məlum olub ki, yolların təmir işləri “ELNUR-2” Universal İstehsalat Kommersiya Şirkəti həyata keçirəcək. Tenderi udan şirkətlə İcra Hakimiyyəti arasında 534 min 160 manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, Astara İcra Hakimiyyəti rayonda yolların təmiri işlərinin yalnız bu şirkətə həvalə etməyi üstün tutub. Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırmadan da məlum olub ki, son bir ildə İcra Hakimiyyəti ilə sözügedən şirkət arasında 11 ay ərzində iki satınalma müqaviləsi imzalanıb. Onlardan biri 09.09.2024-cü ildə reallaşıb və dəyəri 517 min 483 manat təşkil edib. Digəri isə 06.09.2024-cü ildə qeydə alınıb və bu zaman Astara İcra Hakimiyyəti şirkətə 186 min 105 manat pul ödəyib.
Qeyd edək ki, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə Zaur Niyaz oğlu Abıyev başçılıq edir. Onun təkcə, 2019-cu ildə Astara Rayon İcra Hakimiyyətindən 2 milyon 233 min manatlıq tender udduğu da vurğulanır.
Xatırladaq ki, Astaranın icra başçısı Qəzənfər Ağayevdir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Fərda Uğur