Adama elə gəlir ki, Bakı küçələrində “müharibə” gedir
Deputat: “Əgər cəmiyyətdə “sürücülük vəsiqəsini pulla almaq mümkündür” söz-söhbəti gəzirsə, deməli, səbəbin biri aydındır”
Avtobus sürücülərinin qaydalara məhəl qoymaması, sərnişinin həyatını düşünməyib avtobusu necə gəldi sürməsi ilə bağlı dəfələrlə sosial şəbəkələrdə, mətbuatda videolar yayılıb. Buna rəğmən avtobus sürücülərinin diqqətsizliyi, qeyri-peşəkarlıqları nəticəsində baş verən qəza hadisələrinin sayı hər gün artır.
Bu isə paytaxtda fəaliyyət göstərən sərnişindaşıma xidmətinin qənaətbəxş səviyyədə olmadığının göstəricisidir. Vəziyyət artıq o həddə çatıb ki, Prezident İlham Əliyev məsələyə birbaşa müdaxilə edib. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı bu barədə xüsusi tapşırıq və göstərişlərini verib.
Prezident, xüsusi olaraq vurğulayıb ki, müvafiq qurumlar tərəfindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlər çox ciddi təftiş olunmalıdır. Dövlət orqanları sərnişindaşıma xidməti göstərən özəl şirkətlərə ciddi nəzarət etməlidir.
İctimai nəqliyyatda baş verən özbaşınalıqlar, ölümlə nəticələnən yol- nəqliyyat hadisələrinin artması ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən millət vəkili Rəfael Cəbrayılov qeyd edib ki, son bir ildə avtomobil qəzalarının sayı azalaraq 900-ə çatıb: “Ancaq 2016-cı ilə qədər olan statistikaya nəzər salsaq, görərik ki, yollarda baş verən avtoqəzaların və bu qəzalar zamanı ölənlərin sayı çoxdur. 2014-cü ilin statistikasına görə, avtoqəzalar zamanı 1200 nəfər dünyasını dəyişib.
Ölənlərin 3 misli qədərində, təqribən, 3600-ə qədər xəsarət alan var. Heç Qarabağ döyüşlərində belə, bu hal müşahidə edilməyib. Ona görə də adama elə gəlir ki, paytaxtın yollarında “müharibə” gedir”.
Artıq həyəcan təbili çalmağın vaxtı olduğunu deyən millət vəkilinin sözlərinə görə, ildə 1200 adamın ölməsi o deməkdir ki, gündə 3,5 adam ölür. Bu, heç vaxt olmayıb. İsveçdə il ərzində qəzalar zamanı ölüm faktı 2, Avstriyada 2,7, Türkiyədə 5, Azərbaycanda isə 33-36 faiz arasındadır. Bu o deməkdir ki, hər 3 qəzadan birində insan ölür.
Əvvəllər deyirdik ki, qəzaların müxtəlif səbəbləri var: yollarımız, avtobuslarımız dünya standartlarına uyğun deyil və s. Ancaq mən hər zaman demişəm ki, qəzalara səbəb insan faktorudur. Problem sürücülərdədir. Sürücülük mədəniyyəti, sərxoş vəziyyətdə, həmçinin sürücülük vəsiqəsi olmadan avtomobil idarəetmə və s. səbəblərin əsasında da insan faktoru dayanır. Dünya standartlarına uyğunlaşdırılmış yollarımız, həmçinin avtobuslarımız da bunu sübut edir. Ona görə də insan faktoru üzərində işləmək lazımdır”.
R.Cəbrayılovun fikrincə, qəzaların statistikasındakı azalma yol təsərrüfatındakı inkişafımızla adekvat deyil:
“Əgər cəmiyyətdə “sürücülük vəsiqəsini pulla almaq mümkündür” söz-söhbəti gəzirsə, deməli, səbəbin biri aydındır”.
Ətrafımızda “Adımı harasa yazdırmışdılar, nə mən onların üzünü gördüm, nə də onlar mənim, axırda da 900 manatımı verib vəsiqəmi aldım” deyən onlarla qohum-qonşu var. Deməli, deputatın ittihamı əsassız deyil.
Ekspertlər də hesab edir ki, sürücülər arasında yol hərəkəti qaydalarını bilməyənlər çoxdur. Bunun səbəbi isə sürücülük vəsiqəsinin alınması prosesidir. Onlar bu sahədə korrupsiya faktlarının çoxluq təşkil etdiyini qeyd edirlər.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.
Sürücülük vəsiqəsini almaq istəyən şəxs, müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməli, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli və Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödəməlidir. Qanuna əsasən, sürücülük vəsiqəsi blankının dəyəri 18 AZN-dir. Azərbaycanda isə sürücülük vəsiqəsinin alınması prosesində şəffaflıq yoxdur.
İqtisadçı Natiq Cəfərlinin fikrincə, bu məsələ müstəqillik dövründən bəri aktualdır. Onun sözlərinə görə, sürücülük vəsiqələrinin verilməsində korrupsiya halları həmişə olub. İqtisadçı deyib ki, sürücülük mədəniyyətinin aşağı olması böyük problemdir, amma ümumiyyətlə, nəqliyyat strukturlarının idarə edilməsində də ciddi problemlər var: “Bu tək sürücülük vəsiqəsi ilə bağlı problem deyil. Bununla yanaşı, nəqliyyat strukturunun idarə edilməsinin optimallaşması həyata keçirilməlidir. Məsələn, nəqliyyatın intellektual idarə edilməsi sisteminə 10 milyonlarla pul xərclənib, amma bu günə qədər effektini görmürük”.
Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, nəqliyyat üzrə ekspert İlqar Hüseynov isə “Şərq”ə açıqlamasında deyib ki, hadisələrin bu qədər çox olmasının müxtəlif səbəbləri var:
“Qəzaların baş verməsinə bəzi hallarda yol infrastrukturunun qaydasında olmaması şərait yaradır. Belə ki, bəzi magistral yollarımızın infrastrukturunda problemlər var. İkinci səbəb də odur ki, sürücülərimizin bəziləri avtomobildən əyləncə vasitəsi kimi istifadə edirlər. Eyni zamanda sürücülərin vəsiqəni alan zaman normal məktəblərdə təhsil almaması, müxtəlif üsullarla bu vəsiqəyə sahiblənmələri də qəzaların kökündə dayanan səbəblər sırasındadır. Sürücülər var ki, yol hərəkəti qaydalarını bilmirlər. Xüsusilə də yeniyetmə sürücülər arasında monitorinq aparsaq görərik ki, onların nişanlarla bağlı bilikləri çox aşağı səviyyədədir. Bütün bunlar isə “qəza statistikası”na təsir göstərən amildir. Nəqliyyat vasitəsinin idarə olunmasında texniki məsələlər gözlənilmir. Əslində isə bu, çox önəmli bir problemdir. Yaxşı olar ki, dövlət orqanları buna müdaxilə etsinlər. Bundan əlavə bəzi sürücülər nəqliyyat vasitəsini içkili halda idarə edirlər ki, nəticədə qəza törədirlər”.
İ.Hüseynlinin fikrincə, indiki halda daha yaxşı olar ki, sürücülük vəsiqəsinin verilməsindəki şərtlər daha da ciddiləşdirilsin. Bu sahədəki korrupsiya faktlarını tamamilə aradan qaldıraq. Sürücülük vəsiqəsi alan şəxslər vəsiqəni alana kimi tələb olunan müddətdə doğrudan da sürücülük məktəbində oxusunlar:
“Buna ciddi nəzarət etmək daha məqsədəuyğundur, nəinki bir müddətdən sonra hər hansı bir sürücünü təlimlərə cəlb etmək”.