Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Qazaxıstanın qərbində qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Son məlumatlara görə, onlardan 29-u sağ qalıb.
Musavat.com xəbər verir ki, Qazaxstanda məşhur olan blogger Azamat Sarsenbayev “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğradığı yeri dronla çəkib. Bundan sonra o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Sarsenbayev bildirib ki, onun saxlanmasına səbəb qəza yerinin çəkilişi olub. Onun sözlərinə görə, çəkdiyi kadrlardan Reuters, The Guardian, BBC və Le Monde başda olmaqla dünya mediası istifadə edib.
Manqistau vilayətinin polis idarəsi Sarsenbayevin “ictimai qaydanı pozduğunu” bildirib. “O, hadisə yerində pilotsuz uçan aparatla uçaraq xilasetmə xidmətlərinə və əməliyyat-axtarış tədbirlərinə mane olub, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb”, – deyə məlumatda bildirilir.
Sarsenbayev polis şöbəsinə aparılıb. Polis bölməsindən canlı yayım açan Sarsenbayevin sözlərinə görə, ona barəsində “mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək” deyilib.
“Hələ də bəlli deyil ki, nəyə görə məni saxlayıblar, mənə konkret qayda pozuntusu maddəsi ilə ittiham irəli sürməyiblər, məni vəkillə təmin etməkdən imtina ediblər, çəkilişlərə qadağa qoyublar? Mən xilasedicilərə necə müdaxilə etdim ki? – blogger yazıb.
Ən son məlumata görə blogger Azamat Sarsenbayev artıq 10 sutkalıq həbs olunub.