Xəbər verdiyimiz kimi bu gün Azal-a məxsus olan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
Sosial şəbəkələrdə müzakirələr səslənir ki, pilot dənizə deyil, quruya təyyarəni niyə endirib? Ümumiyyətlə, qəza vəziyyətində pilotlar quruya niyə eniş edirlər? Bu təcrübə haradan yaranıb?
Belə vəziyyətlərdə pilotlar hansı seçimi etməlidirlər? Ən doğru seçim nədir?
Tribunainfo.az-a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev məsələyə aydınlıq gətirib.
Ekspertin sözlərinə görə, avtomobil və digər nəqliyyat növləri ilə müqaisədə hava nəqliyyatında baş verən qəza hadisələrinin sayı olduqca azdır. Bu səbəbdən də hava nəqliyyatı nisbətən təhlükəsiz nəqliyyat növü hesab olunur. Buna baxmayaraq bəzi hallarda qəzaların baş verməsi qaçılmazdır.
Ekspert bildirib ki, bütün dövrlərdə təyyarələrdən istifadə edən insanları düşündürən suallardan biri də hansı yerin ən təhlükəsiz hesab olunmasıdır.
“Baş verən qəza hadisələrini təhlil edərkən məlum olur ki, təyyarənin quyruq hissəsi nisbətən təhlükəsiz yer hesab olunur. Bu təhlillər baş verən qəza hadisələrindən sonra sağ qalan insanların təyyarənin harasında əyləşməsinə əsasən aparılır. Baş verən qəza hallarında fövqəladə hallar zamanı daha tez təxliyə olunmaq üçün qəza çıxışı qapısının yanındakı yürin seçilməsi də uğurlu seçimlərdən biri hesab oluna bilər.
Baş verən qəzaların müxtəlif səbəbləri olduğu kimi, bu səbəblərin də təhlükəsiz yerlərin seçilməsində mühüm təsiri var. Təyyarənin yanacaq çəni qanadlar istiqamətində yerləşir. Hər hansısa yanacaqla bağlı hadisə baş verərsə qanadlar ətrafında yerin seçilməsi ən təhlükəsiz yer hesab olunmaya bilər.
Eyni zamanda texniki nasazlıq nəticəsində qəza enişi ola bilər. Təyyarənin suya düşməsi və yaxud texniki nasazlıq ucbatından hər hansısa partlayış hadisəsinin baş verməsi, terror hadisələri və s. ola bilər.
Ona görə də ən təhlükəsiz yerin seçilməsi ilə bağlı qəti fikir səsləndirmək mümkün deyil. Hava nəqliyyatında quşların təyyarə ilə toqquşması ən uğursuz hadisələrdən biri hesab olunur.
Belə ki, quşların mühərrikə daxil olma ehtimalı var. Həmin quş sürüsündən mühərrikə 2, 3 quş daxil olarsa, mühərrikdə texniki nasazlıq baş verər və yaxud mühərrik dərhal sıradan çıxa bilər. Yaxud da quş sürüsü ilə toqquşma nəticəsində pilotun görmə qabiliyyəti zəifləyə bilər və bunun nəticəsində də qəza yarana bilər”.
Dəniz Pənahova