“Qətl günü” filminin kədərli taleyi- Hamlet Xanızadə faciəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan ədəbiyyatının şedevr romanlarından sayılan Yusif Səmədoğlunun “Qətl günü” romanının motivləri əsasında çəkilən film həqiqətən, əzablı yollardan, acınacaqlı taledən keçib.
Moderator.az filmin bu kədərli taleyi haqqında qısaca da olsa, məumat verəcək:
1984-cü il…. Hələ ki, hər  şey yaxşıdır, dünyanın da düz vaxtıdır. Belə zamanda “Azərbaycan” jurnalında romanı oxuyan rejissor Gülbəniz Əzimzadə özünü saxlaya bilmir, mütaliəni bitirər-bitirməz Yusif Səmədoğluna zəng vurur.  Moskvadan icazə alınandan sonra Mərkəz onların qarşısına bir şərt qoyur: yalnız orta əsrlərə aid olan dövr çəkilməlidir.  Razılaşmaya əsasən, ssenarini də yazıçının özü yazmalı olur. Rejissor maddi çətinlikləri gözə alaraq, 2 il həmin ssenarinin yazılmasını gözləyir. Y.Səmədoğlu ssenarini hazırlayandan sonra yenidən  onu Moskvaya göndərirlər. Bu dəfə isə vəziyyət tam fərqli idi. 1986-ci ilin məşhur hadisələri baş vermiş və bu bütün qurumlarla yanaşı, Moskva Dövlət Kino İdarəsinə də təsir etmişdi. Əvvəlcə rejissor və ssenariçidən üç dövrdən bəhs edən əsərdə yalnız orta əsrlərə aid hissənin ssenaridə saxlanmasını tələb edən idarə dəyişiklikdən sonra bunun əksini istəyir. Yusif Səmədoğlu məcburən, bir il də yeni ssenari üzərində çalışır. Hazır olandan sonra yenidən Mərkəzə göndərilən ssenaridə bu dəfə də dəyişikliklərin edilməsini istəyirlər.  Lakin Yusif Səmədoğlu artıq üzərində iki dəfə üst-üstə 3 il işlədiyi ssenariyə üçüncü dəfə baxmaq belə, istəmir. Çünki vaxtın yetməyəcəyini bilirdi. Adətən, çox ağır və ciddi işləyən yazıçı yeni versiyanın ən azı 1 il aparacağını bilirdi. Nəticədə, rejissor özü ssenarini hazırlayır və hər axşam telefonla etdiyi dəyişiklikləri yazıçıya oxuyur.
Bu fakt kifayətdir ki, möhtəşəm roman əsasında çəkilən “Qətl günü” filminə nə dərəcədə mənfi təsirlər olduğunu anlayaq. Lakin bu da hələ son deyildi. Bir ildən sonra başı-bəlalı ssenari Azərbaycanfilm Kinostudiyasının rəhbəri Ramiz Fətəliyevə təqdim edilir. Lakin direktor müəyyən səbəbdən filmin bir ildən sonra çəkiləcəyini bildirir. Beləcə, 1984-cü ildən başlanan işlər yalnız 1989-cu ildə praktiki olaraq həyata keçməyə başlayır. Həmin ildə də həm ölkədə, həm ittifaqda nə kimi dəyişiklərin olduğunu, həyatın necə dəyişdiyini deməyə bir o qədər də ehtiyac yoxdur. Ən mədəni tərzdə deyə bilərik ki, o zaman nə kəfənlənməkdə olan SSRİ-ni, nə də ağır durumda qalan Azərbaycanı kino maraqlandırmırdı. Amma yaradıcı heyət işindən qalmır. Başda əsas rolun ifaçısı Hamlet Xanızadə olmaqla hamı çəkilişlərdə canla-başla iştirak edir. Lakin yeni qədəm qoyan 1990-cı il bütün Azərbaycanla bərabər, filmin taleyinə də zərbə vurur.
“Qətl günü” 1990-cı ilin 20 yanvar hadisələri zamanı çəkilməkdə olan yeganə filmimiz olub. Lakin  regionda baş verən hadisələr, durumun ağırlığı yaradıcı kollektivi işdən soyudur. Baş rolun ifaçısı Hamlet Xanızadə nəsə hiss edibmiş kimi icazə alaraq çəkilişdən ayrılır və bağ evinə gedir.  2-3 gündən sonra baş verən qanlı yanvar hadisəsi isə bütün heyətə ağır zərbə vurur. Filmin isə yalnız səsləndirmə mərhələsi qalmasına baxmayaraq, heç kəs bu barədə düşünmür. Yalnız fevral ayının əvvəlində Hamlet Xanızadənin faciəli ölümü yaradıcı heyəti bir yerə yığır. Xanızadə sonuncu dəfə olaraq, hətta öz yasında belə kino üçün “çalışır”. Məhz onun hüzr mərasiminə toplaşan kollektiv yenidən bir araya gəlib filmi tamamlamağı düşünür. Amma əzablı yollarla çəkilən film indi də növbəti çətinliklə üzləşir- bəs, Hamlet Xanızadəni kim səsləndirəcək? Böyük aktyor kinoda son işini görmədən ölmüşdü. Səsləndirmə isə vacib idi. Nəhayət, rejissor Xanızadənin yaxın dostu Fuad Poladovu buna razı sala bilir. Fuad Poladov çətinliklə də olsa, dostunu səsləndirir. Amma deyilənlərə görə, səsləndirmə başlanan an yenicə dünyasını dəyişən Hamlet Xanızadəni ekranda görəndə bütün çəkiliş heyəti bir anlıq donur. Fuad Poladov isə mətni səsləndirə bilmir…