backend

QƏTƏR-ABŞ MÜNASİBƏTLƏRİ- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün əvvəl ABŞ dövlət katibi Reks Tillerson Dohaya səfər edib.  

İki gün əvvəl ABŞ dövlət katibi Reks Tillerson Dohaya səfər edib. 

Səfər çərçivəsində ABŞ və Qətər hökumətləri arasında “terrorla mübarizə və terrorun maliyyələşdirilməsinin qarşısının alınması” haqqında anlaşma imzalanıb. Anlaşma nəticəsində iki ölkə Qətərin terrorla mübarizəsinə dəstək verilməsi və terrora maliyyə dəstəyi verilməsi ilə bağlı problemləri aradan qaldırmaq üçün birgə hərəkət edəcəklər.

Ərəbşünas ekspert Kənan Rövşənoğlu TİA.AZ-a bildirdi ki, Qətər böhranı müəyyən mənada ABŞ-ın xeyir-duası ilə başladı:

“Mayın 21-də Səudiyyə Ərəbistanına səfər edən ABŞ prezidenti müsəlman ölkələri ilə toplantıdan bir neçə gün sonra 4 ərəb ölkəsi Qətərə qarşı məlum bəyanatla çıxış etdilər. Daha sonra ABŞ prezidenti özü də Qətəri ittiham edən açıqlama verdi. Ancaq daha sonra Qətər Vaşinqtonda ciddi diplomatik fəaliyyət yürütdü, ABŞ-dan 12 milyardlıq silah alınması müqaviləsi imzaladı. Bununla da gərginliyi yumşaltdı. İndi isə Amerika Qətərlə anlaşma imzalamaqla yaranmış gərginliyi yumşaltmağa çalışır. Görünür ki, Tillersonun Doha səfəri zamanı bu mövzu müzakirə olunub və Vaşinqton Qətərdən müəyyən vədlər alıb. Bu anlaşma Dohanı Vaşinqtonun təhlükəsindən sığortalayır”.

K. Rövşənoğlu deyir ki, Qətər ərəb baharı zamanı bir sıra ölkələrdə silahlı üsyançı qrupları maliyyələşdirib və indi də davam edir:

“Bu isə ümumi koalisiyanın məlumatı daxilində olub, sadəcə son illərdə Qətərin digər ərəb ölkələri ilə ideoloji-siyasi fikir ayrılığı dərinləşib və apardığı müstəqil siyasət körfəz ölkələrini qıcıqlandırıb. Bu səbəbdən də ona qarşı kəskin mövqe ortaya qoydular. Vaşinqtonla sözügedən anlaşma Qətəri xarici müdaxilə təhdidindən sığortalayır və yaranmış böhranın aradan qaldırılması prosesini sürətləndirəcək”.

Qeyd edək ki, 4 ərəb ölkəsinin Qətərə qarşı əsas ittihamları məhz terroru maliyyələşdirməklə bağlıdır. Adları yuxarıda qeyd olunan ərəb ölkələri isə ABŞ və Qətər arasında imzalanmış anlaşmanın “yetərli olmadığı” ilə bağlı birgə açıqlama yayıb. Bu səbəbdən də Qətərə qarşı embarqo davam edəcək. Ancaq eyni zamanda ərəb dövlətləri ABŞ-ın Qətər böhranını aradan qaldırmaqla bağlı addımlarını təqdir ediblər. Qətər hökuməti isə anlaşmanın Qətər böhranı ilə bağlı olmadığını bildirib.

İlahə