“Qərbin Azərbaycana təzyiqi Ermənistana heç bir müsbət dəyişiklik vəd etmir. Çünki qərb burada Azərbaycana öz hesablarını təqdim etməklə Ermənistanın fikrini eləmir. Qərbin düşüncələri sırf özü ilə bağlıdır. İstər Fransa, istər Avropa İttifaqı, istər ABŞ olsun, onlara lazım olan odur ki, Cənubi Qafqaza yerləşsinlər, hərbi kontingent gətirib çıxartsınlar. İranla Rusiyanın ayağını kəssinlər, Hətta Türkiyəyə təzyiq göstərsinlər”.
Bu sözləri Tribunainfo.az-a politoloq Tofiq Abbasov Qərbin Azərbaycana qarşı təzyiqi Ermənistanə nə qazandıracaq sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, hazırda qərb hazırlıqlarını gələcəkdə, üfüqdə görünən Böyük Yaxın Şərq müharibəsinə saxlayır:
“Ona görə ABŞ və Aİ ciddi-cəhdlə çalışırlar ki, Ermənistanda özlərinin təmsilçiliyini artırsınlar. Bölgəyə yalançı bəhanələrlə vətəndaş missiyası adından 100 nəfərdən artıq müşahidəçi gətiriblər. Onların bura çıxıb gəlməsinin nə mənası var? Hansı işi görürlər? Yekəxana-yekəxana danışırlar ki, guya missiyaları müsbət tərzdə davam edir, böyük işlər görülür. Nə işlər görürlər? Postlarının sayını artırırlar və casusluqla məşğuldurlar. Odur ki, rəsmi İrəvanı da Bakının konstruktiv addımlarından çəkindirən, qorxduran məhz o üçüncü qüvvələrin təhrikləridir. Onlar istər-istəməz Ermənistanın üzərinə çətir çəkiblər”.
Politoloq qərbin vədlərini yalançı hesab edib:
“Deyirlər ki, “guya Rusiyaya bel bağladın, o isə sənin ümidlərini doğrultmadı, Türkiyə və Azərbaycan sənə düşməndir, yeri gələndə Gürcüstan da düşməndir, sən bizə sığın, biz sənə kömək edək”. Amma bu yalançı vəddir. Çünki həqiqətən də Avropanı düşündürən məsələn, qaz, enerji xəttləridir ki, guya İrandan nə zamansa qaz gəlib Ermənistan vasitəsilə. Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya çatdıralacaq və.s. Bunların hamısı xülyalardır. Azərbaycanın dedikləri, etdikləri konstruktiv, işlək mexanizmlər, sxemlərdir. Ona görə də bunların fonunda birincisi qərb çalışır ki, işlək mexanizmlərə maneəçilik törətsin, özünün mexanizmlərini tətbiq edərək onları istifadəyə versin. Hətta onu da istəyir ki, nəzarət onun üzərində olsun”.