Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər Qadınlar Şurasının təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər təşkilatının dəstəyi ilə Sumqayıt şəhər Dram Teatrında “Dönəcəyəm O Yurda!” adlı bədii tədbir keçirilib.
Tribunainfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər Qadınlar Şurasının sədri İlhamə Abdullayeva bildirib ki, Qadınlar Şurasının üzvləri, eləcə də Qərbi Azərbaycandan olan bütün ziyalı qadınlar öz işlərinin icrasında qarşılarında duran tapşırıqlara böyük məsuliyyətlə yanaşırlar.
Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov icmanın uğurlu fəaliyyəti və bu istiqamətdə aparılan işlər barədə icma üzvlərini məlumatlandırıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər təşkilatının fəaliyyəti və uğurları barədə danışıb. Təşkilatın fəaliyyətə başladığı dövrdən bir sıra önəmli tədbir və layihələr həyata keçirdiyini bildirən T.Səmədov bunun həm də şəhər ictimaiyyətinin böyük maraq və dəstəyinə səbəb olduğunu bildirib.