Qərb-Ermənistan yaxınlaşması da müzakirə mövzusudur. Xüsusən də Rusiyada… Maraqlıdır ki, Qərb Ermənistanı hara qədər müdafiə edəcək?
Bu barədə Tribunainfo-ya açıqlama verən politoloq Tural Əliyev bildirdi ki, hazırda Paşinyan Rusiyada səfərdədir, il ərzində Ermənistan rəhbərliyi bir neçə dəfə Rusiyanın təmsil olunduğu və orada keçirilən görüşlərdə iştirakdan imtina edirdilər:
“Şəxsən mən gözləyirdim Paşinyan gedəcək, çünki başqa yolu yox idi, səfər öncəsi Rusiya rəsmi dairələri Paşinyanın gələcəyini dilə gətirirdilər, təkcə Rusiya – Ermənistan münasibətləri deyil, Putin – Paşinyan əlaqələri müzakirə mövzusu idi, Rusiya bu cür də səsləndirirdi, Putinin dəvəti Paşinyanın nəzərinə çatdırılırdı. Yəni gəlməsə idi, Putin özünə qarşı hörmətsizlik kimi qəbul edəcəkdir kimi mesajlar verilirdi”.
Politoloq qeyd etdi ki, Qərb müəyyən dərəcədə Ermənistanda möhkəmkənsə də Rusiyanın dayaqlarına zərbə vurmağa gücü çatmadı, Ermənistan bütövlükdə Rusiydan asılıdır, bunu Qərb də, Paşinyan da anlayır. Görüntü naminə İkinci Qarabağ müharibəsindən sonra Qərb fürsət düşmüşkən vəziyyətdən istifadə edərək Qafqaza maraqlarını gətirmək istəyirdi:
“Rusiya-Ukrayna müharibəsi fonunda Qərb Cənubi Qafqazda daha geniş fəallaşmaq qərarı aldı. Son zamanlar Ukraynada hərbi və maliyyə yardımlarının azalması Qərbə qarşı etimadın düşməsinə səbəb oldu. Belə olan təqdirdə erməni mediasına istinadən Paşinyan – Mirzoyan arasında Gümrüdə keçirilən müşavirə zamanı Qərbin Rusiyaya qarşı Ermənistana istənilən köməyi olmadı tipli bir dialoq olduğu barədə məlumatlar yayılmışdı. Dolayısı ilə Paşinyan anlamamış durumda deyil ki, Ukraynadan fərqli olaraq Ermənistanın Qərblə fiziki sərhədlərə malik olmadığı halda deyilənlər ritorikadan başqa şey deyil. Yeganə Gürcüstan vasitəsilə çıxa bilir Avropaya, ancaq Gürcüstan hakimiyyəti nə qədər Qərbə meyilli olsa da Rusiyaya qarşı sanksiyalara qoşulmadı, o ki, qaldı cəbhə açsın. Qərb indiki şəraitdə yalnız qeyri – hökumət təşkilatlarını maliyyələşirdirməklə Ermənistan cəmiyyətinə nüfuz edə bilir, dövlət olaraq Ermənistanı Rusiyanın caynağından qoparmaqda acizdirlər. Ermənistan hakimiyyəti reallıq və xəyal arasında seçim arasında qalsalar xəyal olaraq Qərbə ümidlənirlər, ancaq reallıq başqa şərtləri diktə edir. Çünki seçim hakimiyyət məsələsi deyil, suverenliyin qorunmasıdır”.