Millət vəkili Qənirə Paşayeva Muğladan dünyaya səslənib və Xocalı Soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir deyib. Millət vəkili Qənirə Paşayeva Muğladan dünyaya səslənib və Xocalı Soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir deyib.
Türkiyənin Muğla bölgəsində Muğla Sıtkı Koçman Universiteti, burada təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə keçirilən “Dinməyən çığlıqlar: Xocalı Soyqırımı” adlı tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, QHT təmsilçiləri, sənət adamları və gənclər geniş şəkildə iştirak ediblər. Tədbirin açılışında çıxış edən tədbirin təşkilaçısı Muğla Üniversiteti Uluslararası İlişkiler Kordinatörü Doc.Dr Füsun Özerden, Prof.Ahmet Demirak, Muğla valisi Amir Çiçek, Muğla Sıtkı Koçman Universitetinin rektoru, Rrof. Dr. Mansur Harmandar, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova Xocalı Soyqırımı ilə bağlı çıxış edərək gənc nəsillərimizin tarixi həqiqətləri daha geniş bilməsinin və dünyaya daha geniş yayılmasında fəallıqlarını artmasının vacibliyindən danışıblar. Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva çıxışına son günlər Azərbaycanda ön cəbhədə işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verən zaman şəhid olan Azərbaycan əsgərləri, Türkiyədə terrorla mübarizədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm deyə başlayıb və terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq deyib. Qənirə Paşayeva Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib: “Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olunacağı gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik“, – deyib.
Q. Paşayeva qeyd edib ki, Qarabağın qədim tarixi var. Qarabağ əsrlər boyu Azərbaycan və türk tarixinin və mədəniyyətinin beşiklərindən biri olub: “Hər bir Türk insanı Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Qarabağı sevməliyik, xatırlamalıyıq ki,o, işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər və dünya buna göz yumur”.
Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”. Millət vəkili Qənirə Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir : “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir.
Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib.
“Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib.
Tədbirdə universitetdə təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımı ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim ediblər, şeirin, sənətin dili ilə Qarabağ acısını tədbir iştirakçıları ilə bölüşüblər. Xocalı Soyqırımı ilə bağlı sənədli filmin nümayiş edilməsindən sonra Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova “Xocalı laylası” əsərini ifa edib.
Tədbirin sonunda millət vəkili Q. Paşayevaya və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibovaya, Azərbaycanın Əməkdar artisti Nuriyyə Hüseynovaya təşkilatçılar tərəfindən plaketlər təqdim olunub. Tədbirdən sonra millət vəkili Q.Paşayeva Muğlada təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.