Qəndə bu maddə vurulur – İnsan sağlamlığı üçün təhlükəlidir

Qəndə bu maddə vurulur – İnsan sağlamlığı üçün təhlükəlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kəllə qəndlə bağlı Azərbaycanda daim problemlər yaşanıb. Kəllə qəndi əldə etmək üçün şəkər tozu müəyyən temperaturda qaynadılır. Hamıya məlumdur ki, şəkər tozu qaynadılan zaman sarı rəng əməl gəlir. Sarı rəngi həmin məhluldan ayırmaq üçün iki üsul mövcuddur. Birincisi, texniki üsuldur. Yəni məhlul mərkəzdənqaçma üsulu ilə böyük fırlanmaya məruz qoyulur. Nəticədə, sarı rəng məhluldan öz birləşmələri ilə ayrılır. İkincisi, kükürd dioksid kimi zərərli kimyəvi maddədən istifadə üsulu. Məhlulu kükürd dioksidlə qarışdırırlar, rəngi götürürlər. Əlbəttə, texniki üsul standartlara uyğun üsuldur. Kükürd dioksidlə ağartma zamanı isə kimyəvi maddələr qəndin tərkibində qalır. Bu da insanların həyatında təhlükə yarada bilər”.

Bu sözləri Pravda.az-a müsahibəsində Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov deyib.

Sədrin sözlərinə görə, təsadüfi deyil ki, 2 il bundan öncə AİİB əmtəə bazarındakı vəziyyəti təhlil edib, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qarşısında məsələ qaldırıb:

“Nəticədə, AQTA 12-yə qədər müəssisədə yoxlamalar keçirdi, bir neçə müəssisənin kəllə qənd istehsalını dayandırdı. Qeyd edim ki, kükürd dioksidin də yol verilən müəyyən həddi var. Qəndi daha çox ağartmaq üçün daha çox kükürd dioksid qarışdırırlar. Əlbəttə, bu, insanların sağlamlığında mənfi izlərini qoyur. AQTA-nın yoxlamalarından sonra vəziyyəti qənaətbəxş hesab edirdik. Lakin artıq iki aydır, daxil olan informasiyalar İrandan gələn qəndləri önə çəkir. İstehlakçılar kəllə qəndlərin həddindən artıq ağ olmasından şübhələnirlər. Əsasən, kəllə qənd Cənub bölgəsindəki bazarlarda kisələrdə satılır. İstehsal mənbəyi isə, demək olar, məlum deyil, çünki kiloqramla satılır. Hazırda bu qəndlər Azad İstehlakçılar İctimai Birliyinin diqqət mərkəzindədir. İstehlakçılar Bakıda istehsal olunan “Şipşirin” qəndinin də çox ağ olmasından şübhələniblər, bizə nümunələrini gətiriblər. Hələ ki bununla bağlı araşdırma aparırıq. Xüsusilə, İrandan gələn kəllə qəndləri çeşidləyəcəyik. Yəqin ki, qəndlər barədə məlumatları toplayıb, AQTA-ya təqdim edəcək, cəmiyyətə də məlumat verəcəyik. Bu sahədə problem yaşanmaqdadır. Qəndə sümük qarışdırılması məsələsi isə yoxdur. Kükürd dioksid özü ağ maddədir, qəndə bu maddənin qarışdırılmasından söhbət gedə bilər. Dediyimiz kimi, zərərli maddədir”.