Türkiyənin qədim Nevşəhər vilayətində, qədim Kapadokyada Qarabağ küçəsinin açılışı olub.
Türkiyənin qədim Nevşəhər vilayətində, qədim Kapadokyada Qarabağ küçəsinin açılışı olub.
TİA.AZ xəbər verir ki, bələdiyyə başqanları, millət vəkilləri, QHT və KİV təmsilçilərinin iştirakı ilə həyata keçirilən tədbir millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və Üçhisar bələdiyyəsinin qərarı ilə hazırlanıb.
Üçhisar bələdiyyə başqanı Əli Qaraarslan qədim Kapadokyanın mərkəzi küçələrindən birinə, hər il yüzminlərlə turistn keçdiyi küçəyə qədim Qarabağın adının verilməsindən çox məmunluq hissi duyduqlarını deyib.
“Qarabağ Azərbaycan qədər bizim də problemimiz və acımızdır deyən bələdiyyə başqanı bundan sonra da hər zaman Azərbaycanın yanındayıq deyib”, – Qaraarslan bildirib.
Nevşəhər millət vəkili Mustafa Açıqgöz Qarabağ probleminin həllində ikili standartlardan çıxış edən və Azərbaycana lazımi dəstək verməyən beynəlxalq təşkilatları qınayaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman Azərbaycanın yanındayıq deyib.
Millət vəkili Q. Paşayeva bildirib ki Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində “Xocalı”, “Qarabağ” adı ilə abidələr, parkların, küçələrin açılması ənənəsi davam edir:
“Sadəcə Türkiyədə deyil, bütün dünyada turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri olaraq qəbul edilən qədim Kapadokyada belə bir küçənin açılması gənc nəsillərimiz üçün önəmli olmaqla bərabər dosta da, düşmənə də önəmli bir mesajdır”.
Millət vəkili çıxışında tədbir iştirakçılarına Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib, jurnalistlərin suallarını cavablandırıb, bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib. Qənirə Paşayeva ümumilli lider Heydər Əliyevin ifadə etidiyi kimi “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin birlik və bərabərliyinin daha da gücləndiyini deyib:
“Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. İşğalçı Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün birlikdə daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik”.
Millət vəkili Q.Paşayeva 2 yaşlı Zəhranın şəklini göstərərək onun erməni faşistləri tərəfindən vəhşiçə öldürülməsindən də danışıb. “Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu, dosta da, düşmənə də çox önəmli mesaj oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq. Bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir.
Açılış lentlərinin kəsilməsi, müğənni İlham Əsgəroğlu və istedadlı gənclərimizdən Nicat Canıyevin ifasında “Qarabağ Şikəstəsi” və “Çırpınırdı Qara dəniz” əsərlərinin səslənməsi ilə başa çatıb.
Qeyd edək ki tədbirlər Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi ilə həyata keçirilib. Millət vəkili Q.Paşayeva tədbirin sonunda Üçhisar bələdiyyə başqanı Əli Qaraarslana və Nevşəhər millət vəkili Mustafa Açıqgözə Qarabağ həqiqətləri, Azərbaycan mədəniyyəti ilə bağlı əsərlər, hədiyyələr, kitablar təqdim edib.