backend

Qəbir başında SELFİ TRENDİ: din və elm nə deyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dostlar, anam rəhmətə getdi”, “Dostumuz filankəsin kədərli günü. Allah rəhmət eləsin”.  

“Dostlar, anam rəhmətə getdi”, “Dostumuz filankəsin kədərli günü. Allah rəhmət eləsin”

Sosial şəbəkədə tez-tez rastlaşdığımız bu ifadələrin altında, artıq qəbristanlıqdan şəkillər də peyda olur. Yaxınlarını, valideynlərini itirənlərin və onların dostlarının sosial şəbəkədə qəbir daşları ilə çəkdirdikləri şəkil paylaşımları artıq bir dəb halını alıb. Bu şəkillərin altında sosial şəbəkədəki dost sayına uyğun olaraq yüzlərlə səbir və rəhmət diləklərini də görmək olar. Ancaq bir o qədər də insan yasda olan və ya yasda olan yaxınına yanında olmaq istəyən birinin qəbristanlıqda şəkil çəkdirmək həvəsinə, bu istəyi yaradan düşüncəyə şübhə ilə yanaşır. Axı insan nə üçün qəbir daşı ilə şəkil çəkdirsin və üstəlik bunu sosial şəbəkədə paylaşsın? 

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Publika.az-a bildirdi ki, dinin qaydalarına görə, qəbristanlıqda şəkil çəkdirib paylaşmağın qətiyyətlə rədd edilən əməldir: “Düzdür, dünyəvi ölkədə yaşayırıq, qloballaşan dünyanın tərkib hissəsiyik. Lakin müasirləşməni dini inancların istismarı ilə həyata keçirmək yolverilməzdir. Sosial şəbəkədə insanlar valideynlərinin məzarı üzərində çəkilmiş şəkillər paylaşmasını biz də müşahidə edirik, lakin bu, doğru deyil. Bəzən şəhid xanımın yoldaşının məzarı üstündəki şəklini də sosial şəbəkədə paylaşırlar, əlbətə, bu da çox yanlış addımdır. Təkcə dini deyil, mənəvi, milli kimliyimiz baxımından da doğru hesab edilmir. Son vaxtlar insanlar ünsiyyətdə və müşahidələrimdə ölümlə bağlı yanlış düşüncələrini müşahidə edirəm. Azərbaycan insanı sanki ölümlə bir bazarlıq edir. Bəlkə kimsə qəbir daşı ilə şəkil paylaşaraq ölümü xatırlamaqla başqalarına mesaj vermək istəyir. Amma mənim insanlarla ünsiyyətdən əldə etdiyim qənaət əksəriyyətin ölümdən qorxmasıdır. Bu şəkilləri paylaşarkən sosial şəbəkədə yeniyetmələrin olduğunu unutmamalıyıq. Bu, onların həyatla bağlı fikirlərini yanlış istiqamətə yönləndirə bilər”. 

Folklor institutunun Mərasim folkloru şöbəsinin əməkdaşı Qalib Sayılov hesab edir ki, qəbristanlıqdan şəkil çəkdirib paylaşmaq dövrün gətirdiyi yeniliklərin tərkib hissəsidir: “Əvvəl insanlar qəbir üstünə yaxınları yad etmək, dua etmək üçün gedirdilər. Bu gün texnologiya inkişaf edib və insanlar getdikləri hər yerdən şəkil çəkdirib paylaşırlar. Lakin bunu qəbristanlıqda etmək doğru deyil. Xüsusən, qəbristanlıqdan şəkil çəkdirib paylaşmaq digər sosial şəbəkədəki dostlara pozitiv, ürəkaçan heç nə vəd etmir. Hətta insanların psixologiyasına mənfi təsir edə bilər. Ancaq heç kimə bu məsələdə qadağa qoymaq mümkün deyil. Bu davranış insanların cahilliyindən irəli gəlir. İslam dini qəbirlərin unudulmalı olduğunu deyir, lakin biz qəbirlər üzərində heykəllər ucaldırıq. Qəbrin üzərində heykəllərin olması dini baxımdan küfür hesab edilir. Təəssüf ki, insanlar varlanıb, elmsizləşdikcə bu hallara yol verirlər. Dini inanclara görə, qəbir daşları qəbul edilmir və bu bütpərəstliyin yeni formasıdır. İnsanların dini bilgiləri yetərli olsa, o cür qəbirlər tikib, yanında şəkil çəkdirməzlər. İnanclara görə, 100-200 il əvvələ qədər bizdəki qəbirlər torpaqla örtülürdü, sonra da yeri itirdi. Sovet dövründə bizdə qəbir daşı ənənəsi gəldi. İslamın qaydaları unuduldu. Bu gün isə dövrün gətirdiyi yeniliklər bu qaydaları bir az da sıradan çıxarır”.

Jurnalist Xaqani Səfəroğlunun sözlərinə görə, bu, sadəcə insanların kədərini virtual dostları ilə bölüşmək istəyindən irəli gəlir: “Sosial şəbəkələr həyatımızın bir parçası olduğu üçün qəbir daşı ilə şəkil çəkdirib orada paylaşmaq bir trendə çevrilib. Çünki insanların real həyatının bir hissəsi həm də virtuala köçüb. Problemlərini, yaxın adamların itkilərini sosial şəbəkədə paylaşmaqla həm də bir rahatlıq tapmağa çalışırlar. Bununla həm də sosial baxımdan tək olmadıqları düşüncəsini özlərində formalaşdırmaq istəyirlər. Yəni, yaxınlarının qəbir daşları ilə şəkil çəkdirib sosial şəbəkədə paylaşmaq təkcə özünə təsəlli deyil, həm də virtual dostların “Allah Rəhmət eləsin” dəstəyini hiss etmək, qüssəni bölüşməkdir. Toy, ad günü şəkilləri kimi yas şəkillərinin də paylaşılması bir ənənə halını alıb. Sosial şəbəkə hesabımda qəbristanlıqdan paylaşılan şəkillər adətən dəfn günü yox, bir müddət sonra paylaşıldığını müşahidə edirəm. İnsanın yaxınını itirən kimi şəkil çəkdirib paylaşması real deyil və bu halı da heç vaxt görməmişəm. Çünki həmin vaxtda insan dünyadan təcrid olunur, həmin anda kimsə şəkil çəkdirib sosial şəbəkəyə yerləşdirəcək qüvvəni özündə tapa bilməz. Lakin sonrakı günlərdə paylaşılması, dediyim kimi, dostları dəstəyini hiss etməklə bağlıdır”.